Bakıda narkotikin təsirində avtobus sürən saxlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində narkotik maddənin təsiri altında avtobus idarə edən Həzrətquliyev Kənan Aftandil oğlunun qanunazidd əməllərinin qarşısı alınıb.
Belə ki, “İSUZU” markalı, 90-TV-781 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Kənan Həzrətquliyev Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub və müayinə zamanı K.Həzrətquliyev narkotik maddə qəbul etməsi müəyyən edilib.
K.Həzrətquliyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Qeyd: Videomaterialı dyp.polisazerbaycan instagram səhifəsindən əldə edə bilərsiniz.