Avtomobilinə dizel yanacağı əvəzinə benzin tökülən sahibkar məhkəməyə şikayət edib.
Lent.az xəbər verir ki, hadisə Türkiyədə Başakşehirdə yerləşən yanacaqdoldurma məntəqələrinin birində baş verib. İzzet Köse operatora yanacaq vurmağı tapşıraraq, ödəniş etmək üçün kassaya gedib. Geri qayıdarkən operatorun prosesi dayandırdığını görüb və işçinin dizel əvəzinə benzin doldurduğunu anlayıb.
Məntəqə sahibi avtomobili servisə apararaq, sistemi təmizləməyi söz verib. Servisdə səhv doldurulan yanacağın artıq sistemi məhv etdiyi aydın olub. Lakin bu İzzet Köseye bildirilməyib və avtomobili ona təhvil verilib. Sürücü nəqliyyat vasitəsini idarə edib bir az getdikdən sonra maşını sürmək mümkün olmayıb. O, yanacaqdoldurma məntəqəsinə yenidən müraciət etsə də, “akkumulyator bitib, bizlik bir şey yoxdur”, deyə cavab alıb.
Hazırda zərərçəkən məhkəməyə şikayət edib və insanları ayıq olmağa çağırıb.