ABŞ-ın Alabama ştatında tamamilə çılpaq bir kişi balıqçılıq alətləri satan mağazaya qaçıb və sərgi akvariumuna tullanıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, amerikalı əvvəlcə dayanacaqda qəza törədib. Sonra avtomobilini orada qoyaraq, əşyalarını çıxarıb və balıq ovu dükanına qaçıb. Onun diqqətini böyük bir akvarium çəkib, orada suyun sərin olmasına baxmayaraq, içərisinə tullanıb.
Hadisə yerinə polis əməkdaşları gəlib, lakin kişi buna əhəmiyyət verməyib. Mağaza ziyarətçilərinin heyrətə gələn baxışları altında o, zabitlərə aqressiv şəkildə qışqırmağa başlayıb. O, bir müddət sudan çıxıb, sonra yenidən akvariuma tullanmaq qərarına gəlib, eyni zamanda asayiş keşikçilərini təhqir edib.
Nəticədə kişi akvariumun kənarından tullanıb, ağrılı şəkildə beton döşəməyə düşüb və bir müddət huşunu itirib. Bu zaman polislər onun əlini qandallaya bilib.
Özünə gələn kimi müqavimət göstərmək istəsə də, boşa çıxıb. Polislər onun üzərini yorğanla örtüb mağazadan çıxarıblar.
Amerikalı saxlanılıb, müalicə və psixi sağlamlığın qiymətləndirilməsi üçün xəstəxanaya, sonra isə Sent-Kler qraflığının həbsxanasına aparılıb. Zabitlər şübhəli şəxsi patrul maşınına mindirmək istəyərkən o, maşının qapısını möhkəm vurub və qapı çərçivəsini zədələyib.
O, ictimai asayişi pozmaq, xuliqanlıq və hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərmək kimi bir sıra maddələrlə ittiham olunub.