Şəhid Təhmasib Mustafayev
08 yanvar 2021 14:14 (UTC +04:00)

Şəhid Təhmasib Mustafayev

Bayrağını anadan çox sevən qəhrəman - REPORTAJ

Cəbrayılın Hasanlı kəndindən çıxanda onun cəmi 4 yaşı var idi. 27 illik həsrət doğma bulaqdan su içməklə, öz torpağının barından yeməklə bitdi. Buna qədər isə həm həyatda, həm də cəbhədə əsl mübarizə aparmışdı. Söhbət Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının baş leytenantı, şəhid Təhmasib Mustafayevdən gedir.

APA TV-nin yerli bürosunun məlumatına görə, o, 30 avqust 1989-cu ildə Cəbrayılda anadan olub. Hərbi xidmətə 2008-ci ildə Naxçıvan şəhərində Daxili Qoşunların N saylı hərbi hissəsində başlayıb. Sonra 3 il Lənkəranda müddətdən artıq həqiqi hərbi xidmət keçib.

Öz istəyi ilə Türkiyəyə yollanıb və “Foça Jandarma Komando Okulu”nda 6 aylıq kursu uğurla bitirib. Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsilini davam etdirib və 2014-cü ildə leytenant rütbəsi alıb. Sonradan Daxili Qoşunların hərbi hissə üzrə xüsusi təyinatlı dəstəsinin atəş təminatı qrupunun komandiri olub. III dərəcəli "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilib. Bu il sentyabrın 27-də başlayan Vətən Müharibəsində isə Cəbrayıl, Füzuli, Suqovuşan və Hadrutun işğaldan azad olunmasında fəal iştirakı ilə seçilib. Atası Sərməst Mustafayev deyir ki, oğlu Şuşa uğrunda gedən ağır döyüşlərdə isə qəhrəmancasına savaşaraq şəhidlik zirvəsinə ucalıb: “Gedib görür ki, 4 nəfər öz MAXE-lərindən ağır yaralıdır, vəziyyətləri pisdir. Bunları götürür çiynində, özü də yaralanır, yarasını sarıyır. Yaralı şəkildə bunları bir-bir daşıyır aşağı, xəstəxana maşınlarına yığıb yola salır. Komandiri deyir ki, sən də yaralısan, onlarla get. O isə deyir ki, mən gedə bilmərəm buradan, heç nəyim yoxdur, narahat olmayın. Bunları yola salır Şirvana, xəstəxanaya. Özü qayıdır yenə döyüşə”.

Şəhidin qohumu Rəhman Əhmədovun sözlərinə görə, Təhmasib Mustafayev Vətən müharibəsində bütün varlığı ilə döyüşüb: “Bütün öz varlığı ilə, bacarığı ilə müharibədə iştirak edib, yaxşı döyüşüb, gözəl şücaətləri olub. Qəhrəmancasına döyüşə-döyüşə Cəbrayıldan, Füzulidən Hadruta gedib. Oradan birbaşa qalxıb gedib Şuşaya. Şuşada ağır döyüşlərdə iştirak edib. Komandir kimi orada son nəfəsinə qədər Azərbaycanın torpaqları uğrunda vuruşub və həlak olub qəhrəmancasına. Nəinki bizim, həm də Azərbaycanın fəxri olub. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin!”

Ailəsi Təhmasibin xüsusi şücaət göstərdiyi bir neçə hadisəni bizimlə bölüşür. Valideynləri danışdıqca necə igid bir oğul böyütdükləri ilə fəxr etdikləri hiss olunur: "Telefonda danışırdıq, “anan qurban, necəsən?” Heç demirdi müharibəyə gedirəm, ancaq o sözü var idi ki, ana, narahat olma, yaxşıyam, üstünlük bizdədir. Allah Prezidentimizin canını sağ eləsin, qorusun. Onun səsini də yazdırmışdı telefonuna ki, İlham Əliyev cənabları belə deyir ki, iti qovan kimi onları qovacağıq. Vətənpərvər, torpağını sevən, bayrağını sevən, Prezidentini sevən, anasını-atasını sevən, qohumların hamısının yanında hörmətli, xətirli uşaq olub. Xalası oğlu Vüsal Valeh oğlu Rüstəmov ilə ikisinin nəşi eyni gündə gəlib. Şəkildə də xalası oğludur yanındakı. Biri həmin gün bu qapıya gəlib, o biri isə xalasının qapısına".

Bu gözəl balanın adı isə Faidədir, Təhmasibin yadigarıdır. Kifayət ana deyir ki, qəhrəman balamın balası da gələcəkdə qəhrəman olacaq. İndi ailə şəhidimizin ətrini onun dil açanda ilk sözü “dədə” olan 9 aylıq qızından alır: “Vətənin sevən, torpağın sevən, bayrağını anadan çox sevən. Hətta o, toy edəndə 15 bayraq asdırmışdı toyunda, Prezidentin şəklini vurdurmuşdu ki, qoy mənim toyumda bayraqla Prezident də olsun. Bütün şəhidlərə Allah rəhmət eləsin, mən öz övladımla fəxr edirəm. Mən o cür övlad yetişdirib Vətənə xidmət üçün göndərmişəm, şəhidlik rütbəsini alıb”.

Baş leytenant Təhmasib Mustafayev ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Allah rəhmət eləsin!

Tural Kərimov

Rövşən Əzimov

APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5895
avatar

Oxşar yazılar