Azər Mənsimli
25 fevral 2022 19:00 (UTC +04:00)

Azər Mənsimli

Bakıda naziri itirdi, şirkət rəhbəri oldu - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə mətbuat katibi idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi.
Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. 

Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini davam etdirir:

Layihəmizdə bu gün Energetika Nazirliyinin sabiq mətbuat katibi Azər Mənsimlidən bəhs edəcəyik.

Mənsimli Azər Vahabəli oğlu 14 may 1976-cı ildə Biləsuvar rayonunda doğulub. O, orta təhsilini Biləsuvarda 1 saylı məktəbdə alıb. Azər Mənsimli 1999-cu ildə Dövlət İdarəçilik Akademiyasını bitirib. Daha sonra isə həmin ali məktəbin magistraturasında təhsilini davam etdirib. 

1999-2002 ci illərdə isə Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda təhsil alıb. 

Onun təsis etdiyi Politoloqlar Klubunun rəhbəri kimi mətbuatda məqalə və analitik yazıları dərc olunub. 1999-cu ildən başlayaraq müxtəlif illərdə “Cumhuriyyət”, “Rezonans”,  və mərkəz qəzetlərində müxbir, redaktor, parlament jurnalisti kimi fəaliyyət göstərib.  “İki sahil”, “Səs” və “Yeni Azərbaycan” qəzetlərində ardıcıl olaraq analitik və siyasi məqalələri dərc olunub. 

O, 4 il İntibah Sosial Siyasi Araşdırmalar Mərkəzinə rəhbərlik edib.  2006-cı ilin fevral ayından 2015-ci ilin mayına kimi Sənaye və Energetika Nazirliyinin Mətbuat katibi olub. 

Mətbuat katibliyi dövründən Lent.az-a danışan Azər Mənsimli:

“Rəhmətlik nazirimiz Natiq Əliyevin zəngin iş təcrübəsi, əzmkarlığı, alicənablığı daim mənim üçün örnək idi. Qürur duyuram ki, bu böyük şəxsiyyətin rəhbərliyi altında işləmişəm və onunla gözəl dostluq münasibətlərimiz olub”.

O bildirdi ki, mətbuat katibi işlədiyi illərdə  başına gələn maraqlı hadisələrdən biri nazir Natiq Əliyevin dəvəti ilə 2011-ci ildə Bakıda rəsmi səfərdə olan rumıniyalı nazir İon Aritonu İçərişəhərdə itirməyi olub:

“Rəhbərliyin tapşırığına əsasən, rumıniyalı naziri nahardan sonra İçəri şəhərlə tanışlıq üçün mən müşayiət etməli idim. Mühafizə xidməti əməkdaşlarının  iştirakı ilə birlikdə İçərişəhərə gəldik. Naziri içəri şəhərlə tanış etdim. Rumıniyalı qonaq əllərini yumaq üçün ayrılanda mən kənarda durub onu gözlədim. 10 dəqiqə sonra narahat olmağa başladım. İçəri keçdim və orada hec kim yox idi. Dərhal mühafizə xidməti əməkdaşlarına məlumat verdim. Naziri axtarmağa başladıq. Ən dəhşətlisi isə o idi ki, 1 saatdan sonra qonaq Natiq Əliyevlə birgə prezidentin qəbulunda olmalı idi. Nəhayət, Qız Qalasının yanında onu tapdıq”.

Sabiq mətbuat katibi qeyd edir ki, 2015-ci ildə həm nazirlikdəki işindən, həm də mətbuatdan tamamilə uzaqlaşıb. 

Azər Mənsimli hazırda özəl sektorda fəaliyyət göstərən şirkətlərdən birinə rəhbərlik edir. Ailəlidir, 2 övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10497
avatar

Aytəkin Cəlali

Oxşar yazılar