Milli qəhrəman, vətən xaini, biznesmen - UNUDULAN MƏMURLAR
26 oktyabr 2022 18:10 (UTC +04:00)

Milli qəhrəman, vətən xaini, biznesmen - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə sabiq baş nazir Surət Hüseynovdan bəhs edəcəyik.

Sürət Davud oğlu Hüseynov 1959-cu ildə fevralın 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Texnologiya İnstitutunu bitirib. 1977-ci ildən 1979-cu ilə qədər Sovet Ordusunda xidmət edib. 

O, 1980-ci ildə institutda oxuya-oxuya, Gəncə şəhərindəki xalça-mahud kombinatında usta köməkçisi kimi işləyib.

1983-cü ildə institutu bitirib Pyatiqorsk şəhərinə köçüb.

Daha sonra isə Azərbaycana qayıtmış və 1984-cü ildən Şəki tədarük idarəsinin çeşidləyicisi, 1986-cı ildən Yevlax rayonunun yunun ilkin emalı fabrikinin böyük nəzarətçisi, sex rəisi, 1989-cu ildən həmin fabrikin direktoru vəzifələrində işləyib. 

1992-ci ilin əvvəllərində könüllü batalyon yaradaraq həmin vaxtdan Qarabağdakı döyüş əməliyyatlarına ciddi maliyyə dəstəyi verib. 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası baş nazirinin müavini və prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda milli ordunun korpus komandiri vəzifələrində çalışıb. 

O vaxtkı Prezident Əbülfəz Elçibəyin 8 avqust 1992-ci il tarixli Fərmanına əsasən Qarabağda olan 40 minlik silahlı qüvvə yeni yaradılmış 2-ci Ordu Korpusuna tabe etdirilib və Hüseynov korpusun komandanı təyin edilib. 

1992-ci il 9 oktyabr tarixində Surət Hüseynova xidmətlərinə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Sabiq baş nazir 1993-cü il iyununda dövrün Milli Məclisin sədri və prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyev tərəfindən baş nazir təyin olunub.

1994-cü il oktyabrın 2-də Surət Hüseynov və Rövşən Cavadovun başçılığı ilə dövlət çevrilişinə silahlı cəhd göstərilib. 

Həmin il oktyabrın 6-da Surət Hüseynov Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb.

1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib. Surət Hüseynov 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

2012-ci il avqustun 22-də Milli Məclisin sədri Oqtay Əsədova göndərdiyi müraciətində iddia edib ki, Milli Qəhrəman adının ondan alınması zamanı qanun pozuntularına yol verilib. Ona görə də Milli Qəhrəman adının ona qaytarılmasına dair müraciətinin Milli Məclisdə müzakirəyə çıxarılmasını, onun qəhrəman adından məhrum edilməsi haqda qərarın ləğv edilməsini və Milli Qəhrəman adının ona qaytarılmasını istəyib.

Əldə edilən məlumatlara görə, Surət Hüseynov həbsdən azad olandan sonra Türkiyə başda olmaqla xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olmağa başlayıb. 

Qeyd edək ki, Surət Hüseynov evlidir və iki övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13425
avatar

Arzu Qurbanlı

Oxşar yazılar