Tahir Əliyev
04 yanvar 2022 20:15 (UTC +04:00)

Tahir Əliyev

21 gündə iki dəfə nazir, 38 yaşında təqaüdə... - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə sabiq Daxili İşlər, Müdafiə naziri, DGK rəisi, ehtiyatda olan general-mayor Tahir Əliyevdən bəhs edəcəyik.

Tahir Yunus oğlu Əliyev 1954-cü ildə Qubadlı rayonunun Cılfır kəndində doğulub. Uşaqlığı Yevlax şəhərində keçib, orta təhsilini isə Gorusun Şurnux kəndində bitirib. 1971-1972-ci illərdə Mingəçevir Politexnik Texnikumunda təhsil alıb.

1975-ci ildə Kemerovo şəhər milis idarəsində işləməyə başlayıb. Bir müddət sonra isə orta milis məktəbində təhsil alıb. Bunun ardınca Omsk şəhər Ali Milis Məktəbi və SSRİ DİN-nin Milis Akademiyasında təhsilini davam etdirib.

Akademiyada təhsil alarkən 1986-cı ildə o vaxtkı Azərbaycan daxili işlər naziri Aydın Məmmədov Moskvaya tələbələrlə görüşə gəlir. Tahirlə də qısa söhbət edir və onu  gələcəkdə Azərbaycana işləməyə dəvət edir.

Tahir Əliyev Azərbaycana qayıdanda 1988-ci ildə o zamankı DQMV Daxili İşlər İdarəsi rəisinin müavini, elə həmin ilin payızında isə Sumqayıt Şəhər Daxili İşlər İdarəsinin rəis müavini təyin olunur.

O, Azərbaycan Ali Sovetinə xalq deputatı seçilib. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilib. 

Tahir Əliyev 1992-ci il 24 fevralda müdafiə naziri, 21 gün sonra, yəni martın 17-də isə daxili işlər naziri təyin olunub. May ayında isə 38 yaşlı general sərəncama göndərilib. 1993-cü ilin ikinci yarısından 1995-ci ilin yanvarına kimi Gömrük Komitəsinin sədri vəzifəsində işləyib. 

Qeyd edək ki, Tahir Əliyev hazırda ehtiyatda olan generaldır. 2020-ci ilin fevralında Milli Məclisə keçirilən seçkilərdə deputat seçilmək istəyib. 41 saylı Sumqayıt seçki dairəsindən öz namizədliyini irəli sürüb. Amma Hicran Hüseynovaya uduzub.
Tahir Əliyev iki güc nazirliyinə rəhbərlik edib. Mediada çox az görünən sabiq nazir jurnalistlərdən birinin bu sualına belə cavab vermişdi:

- Müdafiə naziri vəzifəsinə təyinatınız necə olmuşdu, cəbhəçilərin rolu olmuşdumu bu məsələdə?

-1992-ci ilin əvvəlində Dağlıq Qarabağda vəziyyət həddən artıq gərgin idi. Ermənilər bütün cəbhə boyu hücuma keçmişdi. Harada hücum olurdusa, çalışırdım orada olum, döyüşdə iştirak edim, imkanım çatan qədər torpaqlarımızın müdafiəsində dayanım. Xocalı, hətta Qaradağlı hadisəsindən bir neçə gün öncə erməni-rus birləşmələri Qubadlıya hücum edib Yazı Düzü deyilən yerdən dəhliz açmaq istəyirdi.

Daxili işlər naziri Tofiq Kərimov mənə bu barədə məlumat verəndən sonra qüvvələri səfərbər edib Qubadlıya həmin hücumu dəf etməyə nail olduq. Döyüşdə şəhid olanlarımız var idi. Onların cəsədlərini səngərdən çıxaran zaman Qubadlının icra başçısı gəlib mənə dedi ki, prezident Ayaz Mütəllibov sizinlə danışmaq istəyir. Cəsədləri çıxarandan sonra getdim icra başçısının otağından Mütəllibovla danışdım.

Məndən Qubadlıdakı, döyüş bölgəsindəki vəziyyəti soruşdu. Məruzə etdim. Mütəllibov mənə dedi ki, əhali arasında müdafiə naziri Şahin Musayevə inam azdır, ona görə də sənin müdafiə naziri təyin olunmağın barədə qəti qərara gəlmişik. Mən ona dedim ki, Müdafiə Nazirliyinin adı var, özü yoxdur, bu nazirlik həqiqi nazirlik kimi yaradılmalıdır. Məni Bakıya dəvət etdi, gəldim, görüşdük və nazir təyin olunmağım barədə fərman verdi. Mən bu cür müdafiə naziri təyin olundum.

Bir daha qeyd edək ki, Tahir Əliyev mətbuata qapalı adamdı. Mediada çox az görünür. Şəxsi həyatıyla bağlı məlumat yoxdu. Bircə bundan başqa: 27 ildir heç harada işləmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 16359
avatar

Aytəkin Cəlali

Oxşar yazılar