Meta şirkətinin rəhbəri Mark Zukerberq uzun illərdir tam reallaşmayan bir hədəfə – WhatsApp-ı güclü maliyyə platformasına çevirməyə çalışır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Meta Hindistanın maliyyə texnologiyaları (fintex) şirkəti CRED-in 20 faiz payını 900 milyon dollara alması və onun qurucusu Kunal Şahı qlobal WhatsApp rəhbəri vəzifəsinə gətirməsi bu planın yeni mərhələsi hesab olunur. Lakin analitiklər hesab edirlər ki, bu mürəkkəb razılaşma gözlənilən nəticəni verməyə də bilər.
CRED tətbiqi istifadəçiləri kredit kartı borclarını vaxtında ödədiklərinə görə müxtəlif mükafatlarla təşviq edir. Platformanın 17 milyon istifadəçisi keşbek, bonus xalları, müxtəlif tədbirlərə giriş imkanları əldə edir. Şirkət yüksək kredit reytinqinə malik müştərilər üçün fəaliyyət göstərir, eyni zamanda kredit və sığorta xidmətləri də təqdim edir. CRED-in yaradıcısı Kunal Şah isə Hindistanda məhz gəlirli və seçilmiş müştəri seqmentinə fokuslanması ilə tanınır.
WhatsApp isə Hindistanda 850 milyondan çox istifadəçiyə malik olmasına baxmayaraq, bu auditoriyanı maliyyə xidmətlərinin aktiv istifadəçilərinə çevirməkdə çətinlik çəkib. Platforma ölkənin sürətli ödəniş sistemində aylıq əməliyyatların 1 faizindən də azını emal edir. Bazarın təxminən 80 faizi isə PhonePe və Google Pay-in payına düşür. Maraqlıdır ki, CRED-in emal etdiyi əməliyyatların ümumi dəyəri WhatsApp-ın göstəricisini təxminən beş dəfə üstələyir.
Bu səbəbdən Meta üçün CRED-ə sərmayə yatırmaq və Kunal Şahı WhatsApp-ın rəhbərliyinə gətirmək strateji baxımdan məntiqli addım kimi qiymətləndirilir. Şirkət bununla həm gəlir əldə etməyə başlayan fintex biznesində pay sahibi olur, həm də gələcəkdə CRED-i tam almaq üçün özünə əlverişli imkan yaradır.
Lakin bu strategiyanın uğurlu olacağına dair ciddi suallar qalır. Analitiklər hesab edirlər ki, Kunal Şahın məhdud və yüksək gəlirli müştəri bazasında qazandığı uğuru milyonlarla kütləvi istifadəçiyə tətbiq edib-edə bilməyəcəyi hələ məlum deyil. Bundan başqa, hindistanlı rəhbərin təyin edilməsi Meta-nın ölkədə məlumat paylaşımı ilə bağlı hüquqi problemlərini avtomatik həll etmir. Çünki əvvəllər də Hindistan əsilli rəhbərlərə malik qlobal şirkətlər yerli tənzimləyicilərlə oxşar problemlərlə üzləşiblər.
Meta-nın planı həm də Hindistan tənzimləyicilərinin ödəniş bazarında Walmart və Alphabet kimi nəhənglərin dominantlığını zəiflətmək istəyinə hesablanıb. Ancaq ölkənin Mərkəzi Bankı ABŞ-ın iri texnologiya şirkətlərinin bazarda həddindən artıq güclənməsindən də narahatdır. Məhz buna görə Meta-nın CRED-də idarə heyətində yer almaması, payını məhdudlaşdırması və sövdələşmənin bir hissəsinin reklam kreditləri formasında həyata keçirilməsi belə tənzimləyicilərin narahatlığını tam aradan qaldırmaya bilər. Artıq razılaşmanın yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışlar da səslənir.
Meta iyunun 22-də CRED-ə 900 milyon dollar investisiya yatıracağını açıqlayıb. Bu sövdələşmə şirkəti təxminən 4,5 milyard dollar dəyərində qiymətləndirir. Razılaşmaya əsasən, Meta şirkətdə azlıq payına sahib olacaq və CRED istifadəçilərinin məlumatlarına çıxış əldə etməyəcək. Bundan əlavə, CRED Meta platformalarında istifadə edə biləcəyi 100 milyon dollarlıq reklam krediti də qazanacaq. Şirkət paralel olaraq gələcək IPO hazırlıqları çərçivəsində idarəetmə strukturunu yenidən formalaşdırır.