İllərdir ki, hamımızın smartfonları var. Bu zaman ərzində bəzilərimiz istəmədən də olsa cihazımızı suya, əlüzyuyana, və ya tualetə sala bilirik.
Lent.az xəbər verir ki, çox insanlar yaş olmuş cihazı düyü ilə dolu olan qaba qoyur. Bununla da onlar nəmin unudulmasına kömək edəcəyini düşünürlər.
Ancaq texnologiya mütəxəssisləri bu mifi çoxdan təkzib ediblər və indi “Apple” şirkəti də onlara qoşulub.
“Apple” açıq şəkildə bildirdi ki, yaş “iPhone”u düyü torbasına qoymamalısınız.
"Bu hərəkət kiçik düyü hissəciklərinin “iPhone”a zərər vurmasına səbəb ola bilər", - texniki dəstək xidmətindən bildirilib.
Əslində, XS modelindən başlayaraq “iPhone”a “Lightning” və ya “USB-C” kabeli və ya aksessuarı qoşduqda, telefon şarj portunda maye varsa xəbərdarlıq göstərir.
Müasir smartfonların əksəriyyəti IP67 və ya IP68 reytinqinə malikdir. Birinci rəqəm standarta uyğun olaraq toza davamlılıq dərəcəsini, ikinci rəqəm isə standarta uyğun olaraq suya davamlılıq dərəcəsini təsnif edir.
Bundan əlavə, “Apple” şirkəti sabunlar, təmizləyici məhsullar, ətir, kremlər və s. kimi istənilən növ mayelərə məruz qalmasını azaltmağı tövsiyə edir.
Əgər “iPhone” cihazınız suya düşübsə, bu zaman telefonu ovucunuza yumşaq bir şəkildə vurun. Cihazı quru və havalandırılan bir yerə qoyun. Ən azı 30 dəqiqədən sonra “iPhone”u yenidən doldurmağa cəhd edin.
“Apple” onu da vurğulayıb ki, “iPhone”u xarici istilik mənbəyindən (məsələn, saç qurutma maşını) istifadə edərək qurutmamalısınız. Çünki yüksək temperatur cihazın incə komponentlərini zədələyə bilər. Bundan əlavə, şarj rozetkasına Q-ucu və ya kağız dəsmal kimi heç bir yad əşyalar daxil edilməməlidir.