Google DeepMind tədqiqatçıları 2 saatlıq söhbətdən sonra insan şəxsiyyətini təqlid edən AI sistemi hazırlayıblar. Bu, süni intellektin inkişafının həm heyrətamiz, həm də qorxulu tərəfini göstərir.
Lent.az xarici KİV-ə istinadlaxəbər verir ki, ilk növbədə, bu süni intellekt sistemi, şəxslərlə aparılan dərin müsahibələr zamanı əldə edilən məlumatları təhlil edir. Məlumatlar emal edildikdən sonra, şəxsin cavab vermə tərzini və davranışlarını simulyasiya edən bir “rəqəmsal şəxsiyyət” yaradılır. Aparılan testlərdə sistemin verdiyi cavabların real şəxsin cavabları ilə 85% uyğun olduğu müəyyən edilib. Sistemin uğuru isə 1000 könüllü ilə keçirilən təlim prosesi nəticəsində əldə olunub. Bəs bu sistem hansı məqsədlərə xidmət edəcək?
Yeni texnologiyanın, xüsusilə sosioloji araşdırmalar üçün inqilabi bir vasitə ola biləcəyi bildirilir. Məsələn, bu üsulun ənənəvi sorğuları əvəz edəcəyi planlaşdırılır. Beləliklə, məlumat toplama və təhlil proseslərinin daha sürətli və iqtisadi olacağı qeyd edilir. Yəni, sosial tendensiyaları başa düşmək və ya fərdi davranış modellərini öyrənmək üçün daha çox araşdırmanın aparılmasını mümkün edə bilər.
Bundan əlavə, bu süni intellekt sistemi şəxsi köməkçilərin inkişaf etdirilməsi, robot-insan qarşılıqlı təsirinin optimallaşdırılması və hətta peşəkar sahələrdə təlim məqsədli simulyasiyaların yaradılması kimi bir çox sahədə istifadə edilə bilər. Tədqiqatçılar bu cür süni intellektləri “rəqəmsal agentlər” kimi təsvir edirlər. Mövcud süni intellekt köməkçilərindən fərqli olaraq, bu agentlər daha mürəkkəb və insana xas davranışları simulyasiya edə bilir.
Bununla yanaşı, insana daha yaxın bir anlayışla işləməsi ev və iş mühitlərində qarşılıqlı təsiri əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyi söylənilir. Bu texnologiyanın imkanları hələ də araşdırılmaqda olsa da, artıq insan davranışlarını anlamaq və yenidən qurmaq üçün süni intellektin nə qədər irəli gedə biləcəyi barədə təsəvvür yaradır.