“Nature” elmi araşdırmalar jurnalında insanın fotosu əsasında onun siyasi baxışını və seksual orientasiyasını təyin edən alqoritm barədə məqalə dərc edilib.
Lent.az xəbər verir ki, məsələ ilə bağlı tədqiqatı Stenford Universitetinin psixoloqu Mixail Kosinski aparıb.
Alqoritmin test olunması üçün o, “facebook”dan və müxtəlif tanışlıq servislərindən olan milyondan çox fotonu istifadə edib. Tədqiqatda əsasən ABŞ-dan, Kanadadan və Böyük Britaniyadan olmuş insanların fotoları yer alıb.
Fotoları analiz edəndən sonra alqoritm liberalları və konservatorları ayırmağa imkan verən 2000 özəllik təyin edib. Nəticədə alqoritm analiz edilmiş fotoların 72%-də insanların siyasi baxışlarını düzgün şəkildə təyin etməyi bacarıb. Bu, təsadüf (50%), insan dəqiqliyi (55%) və sorğu (66%) kimi üsulların göstəricilərindən daha yaxşıdır.
Alqoritmin çalışma dəqiqliyi müxtəlif ölkələr, mühit və analiz edilmiş insan simalarının müxtəlifliyi üçün eyni olub. Bundan əlavə olaraq alqoritm həmçinin insanların yaşı, cinsi və etnik mənsubiyyətlərinin nəzərə alınması ilə də bu işin öhdəsindən yaxşı gəlib.
Təbii ki, sözügedən alqoritmin real həyata inteqrasiya edilməsindən söhbət getmir. Lakin nəzəri cəhətdən o, insanların identifikasiyası, onların yerləşdikləri yerlərin və sosial əlaqələrinin təyin olunması kimi prosesləri sadələşdirə bilər.
Bundan əlavə, digər biometrik sistemlərdən fərqli olaraq üzün təyini üçün nəzərdə tutulmuş bu cür sistem insanların xəbərləri olmadan da istifadə oluna bilər.
Qeyd edək ki, Kosinski buna bənzər digər bir alqoritmdən insanların seksual orientasiyalarını təyin etmək üçün də istifadə edib. Həmin alqoritmin çalışma dəqiqliyi isə 76% təşkil edib.