Andromeda qalaktikasında ilk dəfə toqquşmaların izləri aşkarlanıb.
Lent.az “Astrophysical Journal” jurnalına istinadən xəbər verir ki, alimlər burada 7500 ulduzun hərəkətini ölçüblər.
Ulduzların hərəkət mövqeyinə görə, onların təxminən iki milyard il əvvəl Andromeda ilə birləşən başqa bir qalaktikaya aid olduğu təyin edilib.
Bundan əlavə, Süd Yolunun “halo” ulduzlarının əksəriyyətinin başqa qalaktikada əmələ gəldiyi və daha sonra təqribən 8-10 milyard il əvvəl qalaktik birləşmə nəticəsində köç etdiyi məlum olub. “Halo” qalaktik diskdən xeyli yuxarı və aşağıda uzanan sferik komponentdir.
Qeyd edək ki, bu nəticələri əldə etmək üçün “DESI” cihazından istifadə olunub. “DESI” qaranlıq enerjinin kainatın genişlənmə sürətinə təsirini ölçmək və yaxın kainatdakı on milyonlarla qalaktika, kvazarın xəritəsini çəkmək üçün hazırlanıb. Bu cihaz bir gecədə 100 mindən çox qalaktikanın spektrini ölçməyə nail olan dünyanın ən güclü çoxobyektli tədqiqat spektroqrafıdır.