Problemsiz 400-500 min  kilometr gedən ən ucuz  ikinci əl avtomobillər
14 avqust 2026 18:29 (UTC +04:00)

Problemsiz 400-500 min kilometr gedən ən ucuz ikinci əl avtomobillər

0

İkinci əl avtomobil bazarında uzunömürlü və etibarlı modellərin siyahısı açıqlanıb. Mütəxəssisin sözlərinə görə, düzgün mühərrik və sürətlər qutusu ilə seçilən bəzi avtomobillər ciddi nasazlıq olmadan 400-500 min kilometr yol gedə bilər.

Lent.az xəbər verir ki, avtomobil seçimi üzrə ekspert Ruşan Mamışev ən etibarlı modellər sırasında “Volkswagen Polo” və “Skoda Rapid”i göstərib.

Onun sözlərinə görə, bu iki model texniki baxımdan bir-birinə çox yaxındır. Ən etibarlı seçim 1,6 litrlik atmosfer mühərriki və klassik avtomatik sürətlər qutusu ilə təchiz olunan versiyalardır.

Ekspert turbo mühərrikli və robotlaşdırılmış sürətlər qutusuna malik avtomobillərdən uzaq durmağı məsləhət görüb. Bildirilib ki, belə versiyalar daha tez sıradan çıxa və təmir üçün böyük xərc tələb edə bilər.

“Volkswagen Polo” və “Skoda Rapid”in istismar müddəti 400-500 min kilometrə çata bilər. 2015-2019-cu il istehsalı olan modellərin qiyməti 25-30 min manat, 2020-2022-ci il avtomobillərinin qiyməti isə 29-37 min manat aralığında dəyişir.

“Hyundai Solaris” və “Kia Rio”

Ekspert 2015-ci ildən sonrakı “Hyundai Solaris” və “Kia Rio” modellərinə də diqqət yetirməyi tövsiyə edib.

Bu avtomobillərin 1,6 litrlik atmosfer mühərriki və altıpilləli avtomatik sürətlər qutusu ilə olan versiyaları daha etibarlı sayılır. Lakin avtomobil alınmazdan əvvəl mühərrikin ətraflı yoxlanılması vacibdir.

Bəzi Koreya mühərriklərində silindr divarlarında cızıqlar yarana bilər. Bu nasazlıq mühərrikin yağ sərfiyyatını artırır və sonradan bahalı təmirə gətirib çıxarır.

Yaxşı vəziyyətdə olan “Hyundai Solaris” və “Kia Rio” modellərinin təxminən 400 min kilometr yol gedə biləcəyi bildirilib. Belə avtomobillərin qiyməti 25-30 min manatdan başlayır.

“Renault Logan” da siyahıya düşüb

400 min kilometrdən çox yol gedə bilən avtomobillər arasında ikinci nəsil “Renault Logan” da yer alıb.

Mütəxəssis bu modeli mexaniki sürətlər qutusu ilə almağı məsləhət görüb. Buna səbəb “Renault”nun DP0 və DP2 indeksli avtomatik sürətlər qutularının etibarlılığının aşağı olmasıdır.

Ən uyğun seçim 1,6 litrlik atmosfer mühərriki olan versiya hesab edilir. 2015-2016-cı il istehsalı “Renault Logan”ların qiyməti 22-27 min manat arasında dəyişir.

Ekspert vurğulayıb ki, avtomobilin modelindən asılı olmayaraq, almazdan əvvəl mühərrik, sürətlər qutusu, yürüş və texniki xidmət tarixçəsi mütləq yoxlanılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 92

Oxşar yazılar