Netflix "1899" serialını yeni mövsümdən imtina edib.
Lent.az xəbər verir ki, bu barədə serialın yaradıcıları Baran Bo Odar və Jantje Friese instaqramda paylaşım ediblər.
Əvvəlcə müəlliflər hekayəni üçüncü sezonda bitirməyi planlaşdırırdılar, lakin dünyaca məşhur yayım platforması "Netflix" birinci sezondan sonra serialı ləğv etmək qərarına gəlib. Bu qərarın səbəbləri açıqlanmır.
Serialın yaradıcıları pərəstişkarlarından üzr istəyib. “Bilirik ki, bu, milyonlarla azarkeşimizi məyus edəcək, lakin bu gözəl macəranın bir hissəsi olduqları üçün onlara ürəkdən təşəkkür etmək istəyirik”, - yazıblar.
Xatırladaq ki, bundan əvvəl Braziliyanın San-Paulu şəhərindən olan yazıçı Meri Kanin "Netflix"i müəllif hüquqlarını pozmaqda ittiham etmişdi. Onun sözlərinə görə, "1899" filmi onun 2016-cı ildə yazdığı "Qara Sükut" (Black Silence) qrafika romanına bənzəyir. O qeyd edib ki, şou onun əsərində təsvir olunan piramidaların mövzusunu qaldırır. Kanin həmçinin serialdakı kitabının süjetindəki bəzi detallardan, o cümlədən personajların ölümü ilə bağlı epizodlardan istifadə etməkdə günahlandırıb.