Bu yenilik Snapchat və BeReal üslubunda “burada və indi” çəkilmiş sürətli fotolar üçün nəzərdə tutulub.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, "Instagram" qlobal şəkildə Instants funksiyasının istifadəyə verildiyini elan edib. Bu funksiya redaktə olunmadan paylaşılmış və baxıldıqdan sonra yoxa çıxan fotoları əhatə edir. Yenilik Snapchat və BeReal formatında “ani çəkilişlər” üçün nəzərdə tutulub.
Instants funksiyası "Instagram"ın şəxsi mesajlar bölməsində yerləşir. Belə fotolar profilə yerləşdirilmir – onları yalnız yaxın dostlar və “direct”dəki izləyicilər görə bilir. Eyni zamanda şəkilləri redaktə etmək mümkün deyil, yalnız göndərməzdən əvvəl qısa qeyd əlavə etməyə icazə verilir.
Funksiyanın əsas xüsusiyyəti “birdəfəlik” formatdır. Şəkil baxıldıqdan dərhal sonra silinir və maksimum 24 saat əlçatan olur. "Instagram" həmçinin bildirib ki, alıcılar bu fotoların skrinşotunu və ya ekran yazısını edə bilməyəcəklər. Instants paylaşan istifadəçilərdə isə həmin fotolar bir il müddətində “Arxiv”də saxlanılacaq.

Canlı ünsiyyət ideyasına baxmayaraq, yenilik artıq tənqid dalğasına səbəb olub. "The Independent" yazır ki, istifadəçilər təsadüfən göndərilən selfilərdən və anlaşılmaz interfeysdən şikayət edirlər. Çünki Instants düyməsi Direct bölməsinə inteqrasiya olunub və görünüşcə adi kamera düyməsinə bənzəyir, buna görə də vərdişlə səhvən basmaq asandır.