Vaxtilə mobil telefon bazarına hakim olan əfsanəvi Nokia brendi yenidən yox olma ərəfəsindədir. Gözlənilir ki, hazırda bu marka altında smartfon istehsal edən HMD Global şirkəti 2026-cı ildən etibarən brend üzərindəki hüquqlarını itirəcək.
Lent.az xəbər verir ki, “Nokia Group” özü də istehsalı dayandırmağı planlaşdırır. Bu isə 2000-ci illərin əvvəlində Nokia 3310 kimi modellər sayəsində dünya bazarının 40%-dən çoxuna sahib olan brendin sonu deməkdir. Lakin “iPhone” və Android smartfonlarının meydana çıxması ilə Nokia liderliyini itirib.
Şirkətin maliyyə vəziyyəti heç də ürəkaçan deyil. İkinci rübdə Nokia-nın əməliyyat mənfəəti bir sıra amillərə görə 81% azalıb. Xüsusilə, zəif dollar şirkətə milyonlarla zərər vurub.
Gəlir bir qədər artsa da, gözləntiləri doğrultmayıb və bu da illik mənfəət proqnozunun azaldılmasına səbəb olub. HMD-nin onlayn mağazalarında Nokia smartfonlarının olmaması isə modellərin artıq istehsaldan çıxarıldığına işarə edə bilər.