Əgər nə vaxtsa səs yazısını mətnə çevirməyə cəhd etmisinizsə, bunun nə qədər çətin və vaxt aparan iş olduğunu mütləq görmüsünüz. 1 saatlıq səs yazısını dinləyərək yazmaq bu sahədə mütəxəssis olmayan insanın 7-8 saat vaxtını ala bilər. Artıq Azərbaycanda yerli mütəxəssislər tərəfindən hazırlanmış, süni intellekt əsasında işləyən onlayn proqram təminatı vasitəsilə səs və videonu saatlar deyil, dəqiqələr içində mətnə çevirmək, həmçinin mətni onlayn redaktə etmək mümkündür.
Lent.az xəbər verir ki, onlayn proqram təminatı kimi istifadəyə verilmiş xidmət vasitəsilə alınmış mətn MS Word, Text, həmçinin videolara alt yazı əlavə etməyə imkan verən SRT formatında endirilə bilər.
Səs/video fayllarını qulaq asaraq yazmağa nisbətən dəfələrlə daha tez və ucuz mətnə çevirmək yeni imkanlar açır. Məsələn, həkimlər müayinə nəticələrini klaviaturada düymələri basmaq əvəzinə danışaraq daxil etmə vasitəsilə gün ərzində daha çox xəstəni müayinə edə bilirlər. Çağrı mərkəzində insanlar tərəfindən dinlənilməsi mümkün olmayan minlərlə saat səs yazısını mətnə çevirib axtarış və analitika aparmaq idarəçilərə doğru qərarlar verməyə kömək edir. Jurnalistika, elmi tədqiqat, iclasların protokollaşdırılması və digər sahələrdə çalışan insanların vaxtlarının böyük bir hissəsi səs yazılarının mətnə çevrilməsinə sərf olunur. Avtomatik transkripsiya xidməti süni intellekt vasitəsilə bu sahədə insanları yorucu işdən azad edərək yaradıcı işə köklənmələrinə, qısa vaxt ərzində daha çox informasiya ilə işləmələrinə kömək edir.
Azərbaycan startapı Robotronics MMC-nin Voicedocs adlanan transkripsiya xidməti Trier Universiteti, Hannover Leybnits Universiteti, İstanbul Böyükşehir Belediyesi kimi Almaniya və Türkiyədə bir çox dövlət və özəl qurumlar, universitetlər tərəfindən istifadə olunur. MaxQDA və Atlas.ti kimi dünyada ən məşhur qualitativ elmi araşdırma üçün proqram məhsulları Voicedocs transkriptlərini import etmək imkanını dəstəkləyir. Qeyd edilən startap həmçinin NVidia şirkətinin süni intellekt sahəsində startaplara dəstək və inkişaf proqramı olan NVidia Inception proqramının Azərbaycandan olan yeganə üzvüdür. Startap tərəfindən Azərbaycan dili üçün transkripsiya sisteminin yaradılması KOBİA tərəfindən verilmiş qrant layihəsi əsasında həyata keçirilmişdir. Sistemin yaradılması üçün aparılan elmi tədqiqatlara İdarəetmə Sistemləri İnstitutu da dəstək göstərib.