Narkotik asılılığından əziyyət çəkən şəxslərin əksəriyyəti ya özlərinin, ya da yaxınlarının təşəbbbüsü ilə narkoloji dispanserdə, özəl reabilitasiya mərkəzlərində müalicə almağa razı olurlar. Sağalmaq istəyi çox müsbət hal olsa da, təəssüf ki, hərdən neqativ hadisələri də duyuruq. Elə bu günlərdə əvvəllər narkotik asılılığından əziyyət çəkən şəxsin anasını öldürməsi barədə xəbər də, bu məsələni yenidən gündəmə gətiridi.
Bəs görəsən, narkoloji dispanserlərdən, eləcə də özəl reabilitasiya mərkəzlərdən çıxan şəxslərə nəzarət edilirmi? Onların yenidən asılılığa düşüb-düşməməsini yoxlayan sistem varmı?
Lent.az-ın sorğusuna Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən bildirildi ki, xəstəxanadan çıxan xəstələr haqqında epikrizlər yaşadığı ərazi üzrə narkoloji müəssisələrin nəzarətinə göndərilir:
“Xəstələrin sonrakı tibbi müşahidəsi sahə həkim narkoloqu tərəfindən aparılır. Qeyd edək ki, "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müalicələr könüllü olduğu üçün xəstənin narkotik istifadə edib etməməsi də yalnız onun razılığı ilə yoxlanıla bilər”.
Tanınmış özəl reabilitasiya mərkəzlərindən birindən Lent.az-a bildirildi ki, müalicə müddəti bitdikdən sonra da, asılılığı olan şəxslərlə əlaqə saxlayırlar:
"Narkotik istifadəsi xroniki xəstəlik sayılan asılılıq yaradır. Asılılıqdan əziyyət çəkən şəxslər bizim mərkəzdə 9 aylıq kurs keçirlər. Onun 6 ayı stasionar, 3 ayı isə sosial adaptasiya mərhələsidir. Kurs başa çatdıqdan sonra onlar uzunmüddətli remissiyaya daxil olurlar. Əgər özlərini inkişaf etdirə, keçilənlərini həyatlarına tətbiq edə bilsələr, ömürlük remissiyada qala bilirlər. Lakin reabilitasiyanı yarımçıq keçənlərin nəticəsindən danışa bilmərik.
9 aylıq kurs bitdikdən sonra çalışırıq ki, 1 ilə qədər mütəmadi olaraq onlara dəstək olaq. Bacardığımız qədər onlarla dostluq münasibəti qururuq ki, reabilitasiya mərkəzindən çıxdıqdan sonra onun vəziyyətindən xəbərdar olaq”.
Digər mərkəzdən Lent.az-a bildirildi ki, yenidən narkotik istifadəçisi olan şəxs sağlam insanlardan uzaqlaşır, özünə qapanır:
"Mərkəzdən çıxan şəxslərin həm özləri, həm də valideynləri ilə mütəmadi əlaqə saxlanılır. Onu deyə bilərik ki, sağalan insanların heç biri bizimlə ünsiyyəti kəsmirlər. Həmin şəxslərin davranışlarında dəyişiklik hiss etdikdə, özünə qapandığını gördükdə onun yenidən narkomaniyaya qurşandığını təxmin edirik. Həmçinin valideynlər özləri də bizə məlumat verirlər”.
Qeyd edək ki, asılılığı olan şəxslər narkoloji dispanserdən, reabilitasiya mərkəzindən çıxdıqdan sonra hər hansısa cinayət törətdikdə, mərkəz məsuliyyət daşımır. Lakin narkomaniyadan əziyyət çəkən şəxs mərkəzdən qaçaraq cinayət törədirsə, bu halda müəssisə də məsuliyyətə cəlb olunur.