Rüşvətlə əlillik  verən həkimlərin MƏHKƏMƏSİ: "Saxta sənədləri peçatlayırdım, araşdıran yox idi"
28 yanvar 2026 13:24 (UTC +04:00)

Rüşvətlə əlillik verən həkimlərin MƏHKƏMƏSİ: "Saxta sənədləri peçatlayırdım, araşdıran yox idi"

0

Bakı Ağır Cinayətlər Məhkəməsində Sabirabad rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsi, o cümlədən Poliklinika şöbəsinin müdiri Əlişirin Əliyevin, eləcə də Qabil Quliyev və İntiqam Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxslərə ifadə vermək təklif edilib.

Təqsirləndirilən İntiqam Kərimov Əliyev Əlişirini və Qabil Quliyevi tanıdığını deyib:

"Mən Qabil kişiyə dedim ki, əlilləri bərpa mərkəzində işləyirəm və əgər bununla bağlı  problemləri olan varsa, həll edə bilərəm. Saxta sənədləri düzəldib peçatlayırdım. O vaxt da hamıya imtina gəlirdi deyə, bu işin ardınca düşüb araşdıran olmurdu. TƏBİB ayıldı, sənədlərin fərqinə varıb Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərdi. İfadəmi verdim, sonra iş gəlib məhkəməyə çıxdı. Mənim atamın ikinci dərəcəli eşitməzliyi var. Onu 4-cü dərəcə elədim. Özümü ancaq Cinayət Məcəlləsinin  178-ci maddəsi ilə təqsirli bilirəm".

Növbəti proses 25 fevral 16:30-a təyin olunub.

Xatırladaq ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində baş vermiş qanunsuzluqlarla bağlı şikayətlər əsasında, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İlkin istintaq zamanı müəyyən edilib ki, Əlişirin Əliyev vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girib. Onlar əlilliyin təyin olunmasına əsas verməyən hər hansı bir xəstəlikdən əziyyət çəkməyən şəxslərə əlillik dərəcəsi vermək məqsədilə külli miqdarda rüşvət alıblar. Bu şəxslər faktiki olaraq Həkim Məsləhət komissiyasında müayinədən keçirilməyiblər. Əliyev və digərləri bu məqsədlə TƏBİB-in “e-tabib” elektron sisteminə bilə-bilə yalan tibbi diaqnoz məlumatlarını daxil edərək Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriblər. Onlar bu fəaliyyətlər müqabilində külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.

Toplanmış sübutlara əsasən, Əlişirin Əliyev Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3-cü (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Qabil Quliyev və İntiqam Kərimov isə dələduzluq (178.1), habelə yuxarıda göstərilən cinayətlərə kömək etmə (32.5, 308.2; 32.5, 311.3.2, 311.3.3; 32.5, 313) maddələri ilə ittiham ediliblər. Təqsirləndirilən şəxslərin yaşı və səhhəti nəzərə alınaraq, istintaq orqanının qərarı ilə onların barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar