Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il təqaüdə göndərilən məşhur hakimi Azad Məcidov Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
Lent.az "qafqazinfo"ya istinadən xəbər verir ki, A.Məcidov ona hakim kimi əmək pensiyasının təyin edilməməsindən şikayət edib.
Sabiq hakim iddia ərizəsində göstərib ki, 30 ilə yaxın müddətdə Daxili İşlər Nazirliyinin istintaq orqanlarında və Milli Təhlükəsizlik Nazirliyində (hazırda ləğv edilib) çalışıb, rütbəcə polkovnikdir. 2011–2025-ci illərdə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyib. Təqaüdə çıxdıqdan sonra Azad Məcidova hakimlik fəaliyyəti nəzərə alınmadan aylıq 4 881 manat pensiya təyin edilib.
Bu səbəbdən o, məhkəməyə müraciət edərək hakim fəaliyyəti nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını xahiş edib.
Cavabdeh qismində çıxış edən DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə iddianın rədd edilməsini istəyib. Qurum etirazını belə əsaslandırıb ki, mövcud qanunvericiliyə görə, əlavə hakim pensiyası almaq üçün azı 15 il hakim kimi fəaliyyət göstərmək tələb olunur. Azad Məcidovun isə hakimlik stajı 14 il 4 ay 13 gündür.
Lakin Bakı İnzibati Məhkəməsi DSMF-nin arqumentlərini əsassız hesab edib. Qeyd olunub ki, “Hakimlərin statusuna dair” Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən, müəyyən müddət ərzində hakim vəzifəsini icra etmiş və pensiya yaşına çatmış şəxslərə son vəzifə maaşlarına mümkün qədər yaxın məbləğdə pensiya təyin olunmasına təminat verilməlidir.
Qərara əsasən, Azad Məcidovun iddiası təmin edilib. Məhkəmə DSMF-yə sabiq hakimin pensiyasının yenidən hesablanması öhdəliyini qoyub.
Qeyd edək ki, Azad Məcidov hakim kimi fəaliyyəti dövründə bir sıra səs-küylü cinayət işlərinə baxıb. O, son olaraq Mərkəzi Gömrük Hospitalı ilə bağlı səsləndirdiyi fikirlərlə gündəmə gəlmişdi.
Lent.az-ın əldə etdiyi məlumata görə, Azad Məcidov iddiasında 1982-2004-cü illərdə, Daxili İşlər Orqanlarında, 2004-2007-ci illərdə isə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işlədiyini qeyd edib. Həmin nazirlikdə o, son olaraq, İbtidai İstintaq İdarəsinin rəis müavini vəzifəsində polkovnik rütbəsində xidmət göstərib. 2007-ci ildə DSMF-nin Səbail rayon şöbəsi tərəfindən ona ömürlük 1197 manat 50 qəpik pensiya təyin edilib. 2010-cu ildə 8 imtahan verərək, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2015-ci il tarixli 1668 nömrəli Sərəncamı ilə 2016-cı il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin edilib. 2024-cü ildə pensiyaya çıxandan sonra 16 il işlədiyi üçün “Əmək pensiyaları haqqında” qanuna əsasən onun təqaüdü yenidən hesablanaraq, 4881 manat 61 qəpik təyin olunub. Azad Məcidov bildirib ki, 40 illik əmək fəaliyyəti dövründə ümumən 179 min 186 manat 52 qəpik pensiya kapitalı yığılıb.
Məhkəmə-Hüquq Şurasının 14 may 2025-ci il tarixli qərarı ilə hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatmağı nəzərə alınaraq 14 may 2025-ci il tarixdən Azad Məcidovun fəaliyyətinə xitam verilib.