Bloqer Hüseyn Həsənov və onun vəkili Mixail Yusupov barələrində açılmış cinayət işinə xitam verilməsini xahiş ediblər.
Lent.az Rusiya telegram kanallarına istinadla xəbər verir ki, Həsənovun sözlərinə görə, əməllərinin cinayət xarakteri daşıdığını dərk etməyib və qənaət etdiyi vəsaitlərin qanuni sahibkarlıq fəaliyyətindən əldə olunduğunu düşünüb.
Məlumatda bildirilir ki, yanvarın 28-də Moskvanın Cənub İnzibati Dairəsinin prokurorluğuna Hüseyn Həsənovla bağlı cinayət işi daxil olub. Prokurorluqdan bildirilib ki, ibtidai istintaq tamamlanıb və bloqerə cinayət yolu ilə əldə edilmiş külli miqdarda vəsaitin leqallaşdırılması maddəsi ilə qiyabi ittiham irəli sürülüb. Məhkəmə onun barəsində qiyabi həbs qətimkan tədbiri seçib, Həsənov axtarışa verilib.
İstintaqın məlumatına görə, fərdi sahibkar kimi fəaliyyət göstərən bloqer real gəlirlərini gizlədərək Rusiyanın dövlət büdcəsinə 170 milyon rubldan (təxminən 3 milyon 790 min 150 manat) artıq vergi ödəməyib. Cinayət yolu ilə əldə edilmiş pullara qanuni görüntü vermək məqsədilə o, bir neçə maliyyə əməliyyatı aparıb və 1-ci Krasnoqvardeyski keçidində yerləşən daşınmaz əmlakın alqı-satqısı ilə bağlı ümumi dəyəri 68 milyon rubldan (1 milyon 516min manat) çox olan sövdələşmə həyata keçirib.