Rusiyaya meydan oxuyan prezident Zaqatalaya niyə gəlmişdi? - ONU TANI
27 oktyabr 2022 20:15 (UTC +04:00)

Rusiyaya meydan oxuyan prezident Zaqatalaya niyə gəlmişdi? - ONU TANI

Onun dəqiq doğum günün heç kim bilmirdi. Nə atası Musa, nə anası Rəbiyət. Ailədəki 13 uşağın isə ən kiçiyi idi. Qazaxıstana sürgün olunanda cəmi 15 günlük olub. Anasının isti qucağında az qala bütün Qazaxıstanı gəzib. 

Sürgündə geri qayıdıblar, oxuyub, hərbi təyyarəçi olub. Dünyanın ən böyük dövlətinin ən ali rütbəsi sayılan generala qədər yüksəlir. Sonradan elə o dövlətə də asi çıxır. 
31 il əvvəl, oktyabrın 27-də çeçenlər onu özlərinin prezidenti seçirlər. 

Lent.az “Onu tanı” da bu dəfə Cövhər Dudayevdən danışacaq. 

1944-cü ilin fevralında Çeçenistanın Pervomayski kəndində anadan olub. 15 günlük ikən Dudayevlər Qazaxıstana sürgün ediliblər. O, sonradan deyəcəkdi: “Mən dilimi və dinimi anamın qoynunda öyrəndim. Sürgündə olduğumuz illərdə nədən Vətəndən çox uzaqlarda olduğumuzu, sürgün edilməyimizi və xalqımıza olunan zülmü mərhum anam başda olmaqla böyüklərdən öyrəndim”. 

Orta məktəbi bitirəndən sonra ali məktəbə daxil olur, amma oxumur, oranı atıb Tanbova gedib.

 

1962-ci ildə Tambov Təyyarəçilik Akademiyasından, 1966-cı ildə isə Uzaq Məsafə Təyyarələri üçün Pilot və Mühəndis Yetişdirilməsi Akademiyasından məzun olur. 1974-cü ildə Yuri Qaqarin adına Hərbi Hava Akademiyasını da bitirən Cövhər Dudayev birinci sinif pilot və mühəndis ixtisasına yiyələnir. 

Çeçenistanın dövlət başçısı olmazdan əvvəl Baltikyanı respublikalarda cərəyan edən istiqlal mücadiləsini yatırmadığı üçün “qiyamçı general” adını alır. “Yurdunun azadlığı üçün mücadilə edən bir xalqın üstünə bomba atmaram” deyir. 

1990-cı ilin mayında vəzifəsindən istefa verdi. Həmin ilin noyabrında Çeçen Xalqının Qurultayına dəvət edilir və sonradan Çeçen Beynəlxalq Konqresi adını almış xalq məclisinin İdarə Heyətinin sədri olur. 1991-ci il oktyabrın 27-də isə çeçenlər onu özlərinin prezident seçirlər. 

O deyirdi: “Üzərimdəki uniformam kəfənimdi, şəhadətə hazıram. Şəhidliyi rütbə və şərəf olaraq qəbul edirəm. Qanımın son damlasınadak ölkəmin azadlığı və millətimin hürriyyəti üçün savaşmağa hazıram”. 

1994-cü ilin sonunda isə Cövhər Dudayev “Son çeçen canını vermədən ruslar ölkəmizə hakim ola bilməz” deyərək xalqını “cihad”a səslədi. Rusiyanın həmin dönəmdə müdafiə naziri olan Pavel Qraçov  həmin dönəm çeçen terrorçuların cəmi 2 saata məhv ediləcəyini deyirdi. Rusiya müdafiə nazirinin 2 saata hər şey yoluna qoyulacaq dediyi məsələ, 2 il çəkdi və sonda 1996-cı ildə Çeçenistan rus hərbçilərindən təmizləndi. 

21 aprel 1996-cı ildə Cövhər Dudayevin olduğu yeri raketlə vururlar. O, həlak olur. Lap sonralar Türkiyənin “Hürriyyət” qəzetinə Qasım Cindəmirin sensasion sayıla biləcək yazısı çıxır. O yazırdı: “ABŞ-ın gizli təhlükəsizlik orqanlarına işləmiş Uayn Madsen Cövhər Dudayevin telefonunu istifadə edirdi. Bununla da onun yerini və koordinatlarını müəyyənləşdirdi və ABŞ prezidenti Bill Klintona söylədi. O, həmin ərəfədə Moskvadaydı və Boris Yeltsinin yeniden prezident seçilməsini istəyirdi. Çeçen liderin yerini və koordinatlarını Boris Yeltsinə dedi. Ruslar da Cövhər Dudayevi qətlə yetirdi”. 

Jurnalist Ağası Hun müsahibələrinin birində deyirdi: “Cövhər Dudayev Azərbaycana çox ümid bəsləyirdi. Azərbaycanı çox sevirdi. Mən onunla çox görüşmüşəm. Bir dəfə SSRİ-nin keçmiş daxili qoşunlar komandiri general Sufyan Beppayev, Balkar kürklərinin TÖRE təşkilatının başqanı Bahauddin Etyazov və mən birlikdə Cövhər Dudayevlə görüşdük. Dudayev gözəl bir söhbət elədi. Dedi ki, mən Qarabulaqlıyam. Qarabulaqlılar rus-Qafqaz savaşında ruslara ən çox müqavimət göstərən türk xalqıdır. Bu gün İnquşetiyada Karabulak şəhəri var”. 

***

Həmin gün Zaqatalaya onu görmək üçün ətraf rayonlardan ümumilikdə əlli mindən çox adam gəlmişdi. Hə, Dudayev iki dəfə Azərbaycanda olmuşdu. Bir dəfə isə Şeyx Şamilin büstünün açılışında iştirak edirdi. Bu hadisə 1992-ci ildə baş vermişdi. Dudayev Ermənistan istisna olmaqla Qafqaz ölkələrinin birliyini – Qafqaz Evini yaratmaq istəyirdi və bu istiqamətdə çox ciddi addımlar atılmışdı. Müsavat Partiyasının başqanı Arif Hacılı müsahibələrinin birində deyirdi: “Qafqaz evi”nin formalaşmasına tərəfdarıdı. Bizim də bu istiqamətdə onunla intensiv danışıqlarımız olurdu. Cövhər Dudayev Zaqatalada da, Bakıda da olub. Mən də dəfələrlə onunla Çeçenistanın paytaxtı Qroznıda həm rəsmi, həm qeyri-rəsmi görüşlər keçirmişəm. Keçirdiyimiz görüşlərdə Qarabağ müharibəsində Azərbaycana dəstək verilməsi ilə əlaqədar məsələlər müzakirə olunurdu”. 

Cövhərin öldürülməsinə baxmayaraq çeçenlərin mübarizəsi bitmədi. Bu müharibə illərlə sürdü. Dudayevin həyat yoldaşı Alla Dudayeva isə onun haqqında “Milyon birinci” adlı kitabını yazdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 20571
avatar

Səbuhi Sədəf

Oxşar yazılar