Sirli Şeyx: İslam islahatçısı, ingilis casusu, xilafət düsməni?.. - ARAŞDIRMA
18 fevral 2020 18:02 (UTC +04:00)

Sirli Şeyx: İslam islahatçısı, ingilis casusu, xilafət düsməni?.. - ARAŞDIRMA

Şeyx Cəmaləddin Əfqani haqqında ən çox bioqrafik əsərlər yazılan, geniş araşdırılan şəxslərdəndir. XIX əsrdə yaşasa da, həm XX əsrdə, həm də müasir dövrdə onun dini-fəlsəfi, siyasi-ictimai görüşləri müzakirə və mübahisə mövzusudur. Onu islam alimi, türkçü, dini islahatçı, mütəfəkkir, ictimai xadim və xarici xüsusi xidmət orqanlarına işləyən casus kimi də təqdim ediblər. Milli kimliyinə gəlincə, ayrı-ayrı mənbələrdə onun türk, əfqan, hindli və s. olduğu barədə iddialar yer alıb.

 

Əfqani kim idi?

 

Əfqani təxəllüsü ilə tanınan bu şəxsin əsl adı Cəmaləddin Məhəmməd Seyid Səftər oğlu Əsədabadi idi. Əvvəllər yazılarını Əl-Hüseyni təxəllüsü ilə yazan Cəmaləddin sonralar özünə İstanbuli, Tusi, Əl-Həmədani və s. təxəllüslər də götürmüşdür.

Əfqanıstanlı alim Sərdar İsgəndər xan xatirələrində yazır: “Bir dəfə Cəmaləddin Əfqanidən niyə Əfqani təxəllüsü götürdüyünü soruşdum və ona dedim ki, mən Əfqanıstanda bütün məşhur nəsilləri tanıyıram və siz onların heç birindən deyilsiniz. Cavabında o mənə dedi: “İranın xarici ölkələrdə dövlət nümayəndələri çoxdur və onlar mənə görəcəyim işlərdə rahatlıq verməzlər.  Əfqanıstanın isə xarici ölkələrdə yetirmələri yoxdur və Əfqanıstan təhlükəli deyil””.

Əfqaninin milli kimliyi məsələsi indi də gündəmdədir. Bəzi mənbələr onun Əfqanıstanda Əsədabad şəhərində, digərləri isə Tehran yaxınlığındakı Əsədabad qəsəbəsində doğulduğunu iddia edirlər. Azərbaycanlı mütəfəkkir Əhməd bəy Ağaoğlu “Türk yurdu” başlıqlı silsilə yazısında Əfqaninin Azərbaycan türkü olduğunu vurğulayır. Gələn etiraz məktublarından sonra digər yazısında Əfqani ilə Fransada təhsil aldığı vaxtlarda tanış olduğunu və milli kimliyi ilə bağlı ona sual verdiyini xatırlayır və Əfqaninin cavabını belə ifadə edir: “Mənim atam və anam Marağalıdır. Lakin sonradan Həmədana köçmüşük. Mən Həmədanda doğulmuşam”.  O, Əfqaninin dediklərini dəftərçəsinə qeyd etməyi də unutmamışdı, daha sonra isə “Cəmaləddin türkcə danışırdı” deyə vurğulayır.

Məhəmməd Əmin Rəsulzadə “İran türkləri” başlıqlı yazısında Əfqanidən söz açaraq, onun Azərbaycanlı olmasına işarə vurmuşdur.

Cəmaləddin Əfqani uşaq ikən ailəsi Əfqanıstana köçmüş və yetkinlik dövrü orada keçmişdir.

Onun kimliyi haqqında xələfi Abduhun yazdığı “Xatirət” əsərində Əfqanıstanı tərk etməyə məcbur qalmış biri kimi təqdim edilir.

 

Siyasi fəaliyyəti

 

Əfqaninin yaşadığı dövr (1838-1897) XIX əsrin elə bir vaxtına təsadüf edir ki, bu dövrdə Avropada, Balkanlarda və müsəlman dünyasında böyük çaxnaşmalar, müharibələr, azadlıq şüarlarının səsləndiyi dövr idi. İmperiyalar zəifləyir, xalqlar müstəqillik istəyir, köləsi olduqları dövlətlərin zəifləməsindən istifadə edərək, öz dövlətlərini qurmağa çalışırdılar. Eyni zamanda, qərb güclərinin müsəlman dövlətlərində girdikləri nüfuz yarışı da Əfqaninin gözü önündə baş verirdi. Dövrün hadisələrinə şahid olan və bir sıra siyasi biliklərə yiyələnən Əfqani Avropa, Orta Şərq və Asiyada bəzi ölkələri gəzmiş, baş verən siyasi prosesləri yaxından izləmişdi.

Türkiyə tarixçiləri hələ də Cəmaləddin Əfqaninin yetərincə araşdırılmadığını yazırlar. Onlar Əfqanini dəyərləndirərkən deyirlər ki, o, məzlum görünüşlü dindar, lakin çox hiyləgər siyasətçidir. Güclü dövlətin yanında yer alaraq, zəif xalqları müstəqil dövlətlər qura biləcəklərinə inandırırdı. Onun elmi fəaliyyəti mübahisə mövzusudur, lakin siyasi fəaliyyət dönəmi 1858-1897-ci illəri əhatələyir. Həmin dövr İngiltərənin şərqdə Osmanlı İmperiyasını parçalamaq planlarının işə düşdüyü dövrdür. Xüsusən də Misir mövzusunu qeyd etmək yerinə düşər - Əfqaninin bu məsələdə ingilislərə köməyi danılmazdır.

Əfqaninin İstanbula səfəri 1869-cu ildə baş tutdu. Ümumiyyətlə, o, çıxışlarında Osmanlını “xəstə adam”a , yaxud da islam aləmini bir cəsədə, İstanbulu isə bu cəsədin başına bənzədirdi. İstanbula gəldikdən sonra burada din alimləri qarşısında çıxış edərək, çəkinmədən “Peyğəmbərlik sənətlərdən bir sənətdir” – demişdi. Yəni, peyğəmbərlik Allahın göndərdiyi hər hansı ali rütbə deyil, sadəcə, sənət işidir. İnsanları inandırmaq, bir yola yönəltmək işidir. Xilafətin mərkəzində bu çıxışı etmək böyük cəsarət tələb edirdi. Osmanlı din alimləri ona güclü təpki verdiklərindən, hətta sui-qəsdlərin olacağından ehtiyatlanaraq, İstanbulu tərk edib, Misirə yola düşdü.

Türkiyə araşdırmaçısı Həmzə Aslanın yazdığına görə, Əfqani Misirə dönərkən ingilis gizli təşkilatının bir üzvü olaraq getsə də, Misirdəykən onlardan ayrılaraq, müstəqil gizli təşkilat qurdu. Professor Əhməd Şimşirgilin qeydlərində isə deyilir ki, məhz Əfqaninin dəstəyi ilə Misirdə osmanlılara qarşı Urabi Paşa üsyanı başladıldı və ingilis ordusu Misirə desant çıxardı. Bununla da İngiltərə Misiri Osmanlıdan almış oldu.

Qahirədə 1871-79-cu illərdə yaşamış, burada müxtəlif təbəqələrdən olan insanları ətrafına toplamağı bacarmışdır. Onların çoxu hərbçilər idi. Əfqaninin Misirdə gördüyü işlərdə biri də “Hizb əl-Vətən əl-hür”ün (Vətən və Azadlıq Partiyası) qurulması oldu. Onun buradakı şüarı “Misir misirlilərindir!” oldu. İlk baxışdan onu xoşagələn və milliyyətçilik ruhunda deyilmiş şüar saymaq olar. Çünki hər xalqın hürriyyətə qovuşmaq, öz vətəninə sahiblənmək istəyi, haqqı var. Lakin o dövr üçün bu ayrı-seçkilik sayılırdı, Misiri Osmanlıdan ayırmaq məqsədi güdürdü. O, 1883-cü ildə təhlükəsizliyini təmin etmək üçün Misirdən Hindistana, oradan da Londona getdi. Burada o, Britaniya krallığının Osmanlı imperiyasının parçalanması üçün hazırladığı agent Uilfrid Blantla görüşdü. Bu səfərdən sonra Parisə gedərək Məhəmməd Abduh ilə birlikdə “Urvət-ül Vuska” (möhkəm dəstək) dərgisini nəşr etməyə başladı. Dərgi Osmanlı imperiyasına daxil olan xalqlara azadlıq çağırışları edirdi. Münhen səfəri zamanı Qacar Şahı Nəsirəddin Şahla da qarşılaşmış, şah ona vəzir vəzifəsi təklif etmişdir. Təklifi qəbul edərək Tehrana getmiş, lakin orada onu ev dustağı etmişdilər. Güclü siyasi taktikaları ilə buradan qurtularaq, yenidən Avropaya qayıtmışdır. Onun əsas məqsədi Osmanlı İmperiyasını içəridən parçalamaq idi. Lakin güclü kəşfiyyatı olan Sultan II Əbdülhəmid onun məqsədini anlayaraq, baş verəcək hadisələri önləmək məqsədi ilə ona xoş sözlər və iltifatlarla dolu məktub yazaraq, İstanbula dəvət etdi. Sultanın məqsədi onun İstanbul sərhədləri daxilində azad, sərbəst yaşamasını təmin etməklə, həm də gözündən qoymamaq idi. Əfqani məktubu alan kimi dəvəti qəbul etmiş və 1892-ci ildə İstanbula gəlmişdi. Onun məqsədi isə İstanbulda insanlara, alimlərə daha yaxın olaraq, məqsədlərinə çatmaq idi. Lakin gəldikdən sonra ona heç bir vəzifə verilmədən, sultanın əmri ilə yerləşməsi üçün bir malikanə təsis edildi. Xidmətçiləri, hər bir şəraiti olsa da, heç kim görüşünə buraxılmadı. Burada 1897-ci ildə vəfat etdi. Onun ölüm səbəbi hələ də qaranlıq qalmaqdadır. Bəzi türk yazarlara görə, Cəmaləddin Əfqani II Əbdülhəmidin göstərişi ilə zəhərlənərək və ya boğdurularaq öldürülmüşdür. Çünki onun ölümündən dərhal sonra təşkil edilən saray divanında çıxış edən sultan belə demişdi:

“Mənim xəlifə adım ingilislər üçün daima narahatlıq yaradırdı. İngiltərə xarici işlər nazirliyində casus Blantla Cəmaləddin Əfqani adlı şarlatanın birgə plan hazırladıqlarını öyrəndim. Bu iki şəxs xəlifəliyin türklər tərəfindən zorla ələ keçirildiyini cahanda yayaraq, Məkkə Əmiri Şərif Hüseynin xəlifə elan edilməsini müdafiə edirdilər. Cəmaləddin Əfqanini çox yaxşı tanıdım. Çox təhlükəli adam idi. Misirdə olarkən özünü Mehdi elan etmişdi və bütün Orta Asiya müsəlmanlarını bizə qarşı üsyana səsləyirdi”.

Bir çox dövlət adamları Əbdülhəmidi ciddiyə almadılar, onun hakimiyyətini qorumaq üçün Əfqanini şərlədiyini düşündülər. Lakin çox keçmədi ki, eyni ssenarini Şərif Hüseyn üsyanlarında böyük dəstəkçi Rəşid Rza həyata keçirdi. Əfqaninin ölümündən sonra onun ideyalarını Misirdə Məhəmməd Abduh yayırdı. Lakin Əfqani haqqında ilk mənfi fikirləri Şeyx Nebhani yazmışdır.

Vəfatından sonra onu İstanbulda Maçka qəbristanlığında dəfn etmişdilər. Lakin 1944-cü ildə Əfqanıstan hökümətinin xahişi ilə məzarı İstanbuldan götürülərək Kabilə aparılmışdır. Bu zaman İran ruhaniləri Şaha müraciət edərək onun məzarının Tehrana gətirilməsi üçün xeyli əsas olduğunu bildirsələr də, Məhəmməd Rza Şah yeni gəldiyi hakimiyyəti möhkəmləndirməkdə idi. Bu müraciətləri əsassız sayır və Əfqanıstan höküməti ilə hər hansı problemin yaranmaması üçün müraciətlərin üzərindən keçir. 

Dini baxışları

 

Cəmaləddin Əfqaninin dini görüşləri müasirlərindən fərqli idi. O, islam ənənəçiliyindən çıxmış, modern İslam qaydalarını qəbul etməyən üçüncü yolun carçısı idi. Düşünürdü ki, dində bir yenilənmə baş verməlidir ki, insanların siyasi şüurunda oyanışa səbəb olsun. İnsanlar dinə arxalanaraq öz talelərini, azadlıqlarını əldə edə bilsinlər. Bir növ inqilabçılıqla humanizmin vəhdəti idi onun üzə çıxarmaq istədiyi. O, açıq deməsə də çıxışlarında Avropada 15-ci əsrdən başlayaraq kilsələrə qarşı baş verən dini reformasiyaları islam aləmində də həyata keçirməyin tərəfdarı idi. Ə.Şimşirgilin fikrincə, Əfqaninin islam birliyi düşüncələri (hərəkatı) fransız inqilabından qaynaqlanmış, Avropa islahatlarından öyrənilmiş bir ingilis siyasətidir. İngilislər bunu fransızlarla əlaqələndirərək, bir növ osmanlılarla aralarını pozmaq istəmirdilər. Lakin daha bir məqam var ki, müasir tarixçilər, araşdırmaçılar onu kəskin islamçı kimi qələmə versələr də, onun dini təhsili olduqca zəif olduğunu yazanlar da var. Qatı dindar olan biri o zaman islam xəlifəsi rəsmi titulunu daşıyan Sultan II Əbdülhəmidi qəbul etmirdi. İmperiyanın dövlət rəsmiləri ilə müzakirələr zamanı  məsələlərin həllini dini tərəfdən deyil, siyasi danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı idi. Bütün bunlara baxmayaraq, onun tərəfdarları da çox idi. Səid Nursi, Həsən Əl-Bənnan və Mövdudi, daha sonra isə Ruhullah Xomeyni Cəmaləddin Əfqani ideyalarını mənimsəmiş, cəmiyyətlərə təsir edən məşhur dindarlar idilər. Hətta islami görüşlərini ifadə edərkən Nursi Əfqani üçün “Sələfim” adını istifadə etmişdir.

 

Son

 

Həyatı və fəaliyyəti sirlərlə dolu olan Seyid Əfqani, demək olar, əsərlər yazmamışdır. Çünki onun işi siyasət, çağırışlar və etiraz hərəkatları düzənləmək idi. O, düşüncələrini daha çox çıxışlarında dilə gətirirdi. Ziya Göyalp yazır ki, Gənc Türklər hərəkatına dəstək üçün alovlu türkçülük çıxışları Əfqaninin ətrafına xeyli gənc toplanmasına səbəb olmuşdur. Həmin gənclər sonralar cümhuriyyətin yaranmasında böyük rol oynadılar. Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə kimi azərbaycanlı alimlərin də türkçülük ideoloji baxışlarına təsir edən bu şəxsin həm şəxsiyyəti, həm də gördüyü işlərlə bağlı hələ açılmamış xeyli sirlər var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12898
avatar

Şəhla Cabbarlı

Oxşar yazılar