Yaradanla kontakt, ipsiz bağlama üsulu, istəyə çatmaq... – RİTUAL nədir?
22 aprel 2022 12:25 (UTC +04:00)

Yaradanla kontakt, ipsiz bağlama üsulu, istəyə çatmaq... – RİTUAL nədir?

Son zamanlar populyarlıq qazanan ritual bir çox insanın diqqətini çəkir. Araşdırmalara əsasən, ritualın əsas iştirakçıları qadınlar hesab olunur. Ondan ötrü ki, qarşı tərəflə münasibəti süni şəkildə də olsa, irəli çəkmək, həmin adamın addım atması və ya görüşün tezləşdirilməsi üçün bundan istifadə edirlər.

Maraqlı tərəfi isə ondadır ki, ritualın ağ-qara magiya ilə əlaqələrinin olmasına çoxları əhəmiyyət vermir.

Bəs ritual ehtiyacdırmı? Yaxud gündəlik və rutin halında olunan ritualların əks-təsirini niyə aydın şəkildə göstərən yoxdur?

Lent.az bu kimi məqamları kiçik araşdırma ilə təqdim edir.

Əvvəlcə ritualın qısa mahiyyətinə nəzər salaq.

Ritual mədəni bir inancın axışına uyğun gerçəkləşdirilməsidir. Rituallar edən bir anonim qəhrəmanımız deyir ki, bir prosesin ritualı icra etmək üçün müntəzəm aralıqlarla təkrarlanması tələb olunur. Yəni, iradənin eqo üzərindəki kontrolu beyində ruh halına keçir və düşüncəni prosesə çevirərək Yaradanla kontakt qurur. Beyinlər arasında əlaqə gücü yaranır və istədiyini əldə etmə qabiliyyətində olur.

Ritual könüllü prosesdir, məcburi zorluq deyil. Tarixdə bu kimi işlərlə qaraçılar daha çox tanınırdı. Ancaq vaxt keçdikcə bunu istəyənlər mənimsədi və yaydı. Lakin günümüzdə ritualların çirkin işlərdə istifadə olunması onun məcburi zorluqla istifadə olunmasıdır. Bəzən sosial şəbəkələrdə bu kimi video kontentlərdə şirnikləndirici təkliflər qarşımıza çıxır:

“Bir ritualla həmin insanı özünə bağla, zəng elətdir, evə geri qaytar, yataq və intim münasibəti artsın və ya haradansa pul əldə etmək və s.”

Sosial şəbəkıələrdəki paylaşımlarda göründüyü kimi, sap, qırmızı qələm, kağız və parça üzərində, dəfnə yarpağı, şamlar, yağlar və kartlarla ritual prosesi keçirilir.

Bunlar tamamilə qara magiyadır. Qara magiya isə çirkli ayindir, süni prosesdir.

Bəs ağ magiyanın ritualla hansı əlaqəsi var?

Ağ magiya ilə tutaq ki, sağlamlığa qovuşmaq, ev almaq və ya ev satmaq və s. bunlar nisbətən yüngül tipli proseslərdir. Məsələn: kimsə ev heyvanını ya da yaxınını itirir və müəyyən ritual vasitəsilə əlaqə yaradır. Bununla o, istədiyinə çatır. Bu, bir növ möhtaclıq hissindən olur, ehtiyac buna vadar edir.

Rituallar hər kəsdə alınır deyə bir şey yoxdur. Daha çox açıq şüurla edilmiş proseslər müsbət nəticə verir.

Başqa bir anonim qəhrəmanımız deyir ki, gözlənilmədən dəxilsiz kiminsə ağlına gəlməsi onu şübhələndirir. Müsahibimiz düşünür ki, ona ritual edilir. Bu da normal hadisə deyil. Heç kimin şüura müdaxilə etməyə haqqı yoxdur.

Bir insanı fiziki olaraq yanında saxlamaq mümkündür, bəs mənəvi olaraq necə? Və ya bunun karmik təsirini gözə almısınızmı? Hansısa yolla pul əldə olunması üçün ritual etmək haramdır?

Bütün bu sualların cavabına anonim ödəniş qarşılığında ritual edən şəxs tam cavab vermədi.

Lakin ilahiyyatçı Elşad Miri dinə görə bu əməlin necə dəyərləndirildiyini izah etdi:

“Quranda belə bir ayə var: “Aldadan sizi Allahla aldatmasın”. Müxtəlif ritualları aşkar şəkildə nümayiş etdirib müştəri cəlb edənlər insanları aldadırlar, insanların cibindən pulu çırpışdırırlar. Yəni, ağ və qara magiya İslamda yoxdur. Bu, şeytani əməldir. Ona görə də insanların özlərini belə şeylərlə aldatmamaqları məsləhətdir”.

Təbii ki, inanclara hörmətlə yanaşılmalıdır, ancaq məntiq isə onu deyir ki, təşkil olunan süni proses gec-tez yoxa çıxmağa məhkumdur.

# 11808
avatar

Nigar Namiq

Oxşar yazılar