Havaların soyuması ilə kəskin respirator viruslar artmağa başlayıb. Hava-damcı yolu ilə yoluxan infeksiya bütün yaş qruplarını əhatə edir. Bu zaman isə sessiya imtahanları verməyə hazırlaşan tələbələri bir sual narahat edir: Xəstəlik səbəbindən imtahanlarda iştirak edə bilməsəm, yenidən şans yaradılacaqmı?
Lent.az bu mövzu ətrafında universitetlər arası sorğu keçirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, tələbələr hər hansı bir infeksion xəstəliyə (vərəm, su çiçəyi, qızılca və s.) yoluxduqda yaxud planlaşdırılmamış əməliyyat keçirdikdə, eləcə də bədbəxt hadisə baş verdikdə, ancaq tibb müəssisəsindən müvafiq arayış təqdim edərlərsə, o halda üzrlü hesab olunur və təkrar imtahanda iştirak etmək hüququ qazanırlar.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən bildirildi ki, tələbə xəstəliklə bağlı arayışı universitetə təqdim etdikdə, ona əlavə imkan yaradılır:
"Tələbə özünü yaxşı hiss etdikdə, universitetə gəldikdə, ona imtahan verməsi üçün dərhal şərait yaradılır".
Azərbaycan Dövlət Pedaqoji Universitetindən bildirildi ki, sözügedən hallarla bağlı imtahanda iştirak edə bilməyən tələbələr üçün əlavə imkan yaradılır:
“Sessiya imtahanları yekunlaşdıqdan, növbəti semestr başlayanadək, yəni fevralın 1-15-i aralığında bu kimi üzrlü səbəblərə görə imtahanda iştirak edə bilməyən tələbələrə yenidən imtahanlar təşkil edilir. Lakin burada əsas məqam həmin üzrlü halı təsdiq edə biləcək sənədlərin olmasıdır”.
Azərbaycan Dillər Universitetindən sorğumuza bildirildi ki, müvafiq əsasnaməyə əsasən, yoluxucu, infeksion xəstəliklərlə bağlı tələbə arayış təqdim etikdə, ona yenidən imtahan verməsi üçün imkan yaradılır: "Bu imtahan tələbə tam sağaldıqdan, karantin müddəti bitdikdən sonrakı dövrə təyinolunur".
Azərbaycan Texniki Universitetindən bildirildi ki, üzrlü səbəndən imtahanda iştirak edə bilməyən tələbələr üçün 9 fevraldan 13 fevraladək təkrar imtahanlar təşkil ediləcək.
Azərbaycan Memarlıq və İnşaat Universitetindən sorğumuza cavabda qeyd olundu ki, üzrlü səbəblər aşkarlandıqda, tələbələrə yenidən imtahan vermək üçün şərait yaradılır:
“Universitetdə dekabrın 29-u 2025-2026-cı tədris ilinin qış semestrinin imtahan sessiyasına başlanılıb. Tələbələrimiz arasında kütləvi şəkildə virus-infeksiyalarına yoluxan və bu üzrlü səbəbdən imtahanda iştirak edə bilməyənlərin sayı çox deyil. Fərdi müraciətlər tədris şöbəsi və rektorluq tərəfindən dəyərləndirilib, nəzərdən keçirildikdən sonra tələbəyə şərait yaradılır. Universitetin missiyası tələbələri imtahandan kəsmək, qeyri-məqbul nəticələrlə qiymətləndirmək deyil, onların öyrəndiyi bilikləri qiymətləndirmək və bunun əsasında tədris prosesini davam etdirməkdir. Ona görə də hansısa virusla, xəstəliklə, yaxud fövqəladə hal və ya tələbənin şəxsi problemləri ilə bağlı imtahanda iştirak edə bilməyəcəyinə dair müraciət olduqda, o, nəzərdən keçirilir, üzrlü hal hesab olunarsa, yenidən imtahan təşkil edilməsi üçün şərait yaradılır”.
Azərbaycan Tibb Universitetindən bildirildi ki, tələbə imtahana üzrlü səbəbdən gəlmədikdə, sağlamlıq haqqında arayışı təqdim edərsə, ona yenidən imtahan verməsi üçün imkan yaradılır:
"Yenidən imtahan təşkil olunan vaxtlar fevralın 3,4 və 5-nə təsadüf edir. Hazırda bu istiqamətlə bağlı 1-2 tələbə müraciət edib. Onların arayışını nəzərdən keçirdikdən sonra imtahan vermələrinə şərait yaradılacaq".
Azərbaycan Turizm və Menecment Universitetindən qeyd olundu ki, mövsümü qriplər və digər yolxucu xəstəliklərin daha geniş yayılmaması üçün əgər tələbə müvafiq tibb müəssisəsinin (TƏBİB) arayışını təqdim etməklə iştirak edə bilmədiyi imtahamda sessiya bitənə kimi iştirak edə bilər.
Bakı Slavyan Universitetindən bildirildi ki, imtahan verə bilməyən tələbələrə yenidən imkan yaradılır:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili qaydaları”nın 3.2.14. bəndinə əsasən, üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Üzrlü səbəbə dair arayış (tibbi arayış və s.) təqdim edən tələbələr üçün 1 fənn üzrə 1 dəfə imtahan təşkil olunur. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur”.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən sorğumuza bildirildi ki, xəstəlik səbəbindən iştirak edə bilməyən tələbələr arayış gətirir və rektorun adına ərizə yazır:
“Arayışı olan tələbələrə imtahanlar bitdikdən sonra fevral ayının əvvəllərində əlavə olaraq imtahanda iştirak etməyə icazə verilir”.
Sumqayıt Dövlət Universitetinin İctimiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirildi ki, üzrlü səbəbdən imtahanda iştirak edə bilməyən tələbələrə yenidən imkan yaradılır:
“Sumqayıt Dövlət Universitetində imtahan sessiyası dövründə tələbələrin sağlamlığı daim diqqət mərkəzində saxlanılır. Universitetdə fəaliyyət göstərən tibb məntəqəsində tibb bacısı tərəfindən tələbələrə ilkin tibbi baxış həyata keçirilir.
İmtahan zamanı özünü narahat hiss edən və ya virus əlamətləri müşahidə olunan tələbə tibbi müayinədən keçirilir. Əgər tələbənin həqiqətən xəstə olduğu müəyyənləşdirilərsə, bu hal rəsmi şəkildə aktlaşdırılır. Belə olan halda həmin tələbə imtahanda üzrlü səbəbdən iştirak etməmiş hesab olunur və ona növbəti imtahan mərhələsində yenidən iştirak imkanı yaradılır. Bu zaman tələbəyə kəsr düşmür və 25 faiz əlavə imtahan hüququna yönləndirilmədən məsələyə fərdi qaydada baxılır”.
Lənkəran Dövlət Universitetinin mətbuat xidmətindən sorğuya cavab olaraq qeyd edildi ki, tələbələr özünün imtahan və kollokvium vaxtlarını seçməkdə tam müstəqildirlər:
“İmtahan gününə qədər istənilən vaxt öz imtahan və kollokvium vaxtlarını elektron qaydada şəxsi kabinetinə daxil olaraq seçə bilər və vaxtı dəyişə bilərlər. Hər hansı istənilən səbəbdən imtahanda və ya kollokviumda iştirak edə bilməyən tələbələr daha sonra elektron qaydada imtahan və kollokvium vaxtlarını dəyişə bilər və ya tələbə seçdiyi imtahana gəlir, imtahan suallarını alarkən öz fikrini dəyişib başqa fəndən imtahanı seçə bilər. Tələbə istəyinə uyğun olaraq imtahanlarını (kollokviumlarını) imtahan üçün ayrılmış müddətin əvvəlində, həmin müddətin sonunda və ya imtahanlara daha yaxşı hazırlaşa bilmək üçün ayri-ayrı fənlərin imtahanları arasında interval saxlaya bilər. Bununla da tələbələrə təhsil trayektoriyasının, bilik-bacarıq səriştələrinin müəyyənləşdirilməsi zamanı tam sərbəstlik verilmişdir. Artıq 4 ildir ki, Lənkəran Dövlət universitetində tətbiq olunan bu sistem Azərbaycan ali təhsil müəssisələrində bir ilkdir”.