Ölkə ərazisində müşahidə olunan qarlı, yağışlı və şaxtalı hava şəraiti respublikanın digər ərazilərində olduğu kimi, paytaxtdakı sürüşmə sahələrini də aktivləşdirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında bildirib ki, Bakıdakı sürüşmə sahəsi olan Zığda qismən aktivləşmələr müşahidə olunub.
“Həmin ərazidə ümumi gərginlik qalmaqdadır, müəyyən dəyişikliklər var. Dünən həmin ərazidə müşahidələr aparılıb və məlum olub ki, evlərdə və yollardakı ümumi çatlarda genişlənmələr var. Sürüşmə prosesinin inkişafına təsir edən amil varsa, bu olmalıdır və olur. Yağışdan və qardan sonra mövcud sürüşmə əraziləri daha da aktivləşir”, - deyə o vurğulayıb.
S. Əmiraslanov deyib ki, Masazırdakı sürüşmə sahəsində də aktivləşmə qeydə alınıb. Onun sözlərinə görə, aktivləşmə nəticədə bir neçə gün öncə orada yerləşən “Neapol” restoranının arxasındakı torpaqda kiçik ölçülü lokal sürüşmə sahəsi yaranıb: “Bu, qardan sonra onun əriməsi nəticəsində baş verən hadisədir. Sürüşmə sahəsinin eni 25-30 metr, qırılma qaşı 5-6 metr olub. Hazırda ərazidə vəziyyət stabildir və müvafiq araşdırmalar davam etdirilir”.
S. Əmiraslanov qeyd edib ki, Əliağa Şıxlınski küçəsi ilə Gəncə prospektindəki sürüşmə zonasında tikinti, təmir-bərpa işləri həyata keçirilib və orada ciddi dəyişiklik yoxdur. Onun sözlərinə görə, Əhmədli-1, Nəsrəddin Tusi və Gəncə prospektində olan sürüşmə sahələrində də ciddi aktivləşmə yoxdur: “Ümumilikdə, qarlı, yağışlı və şaxtalı hava şəraitindən sonra respublikada olduğu kimi, paytaxtın da sürüşmə zonalarında aktivləşmələr mövcuddur. Lakin respublika ərazisində ciddi dəyişiklik yoxdur və sürüşmə sahələrindəki aktivləşmələr ciddi fəsadlar törətməyib”.