Respublika Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan televiziyalarında nümayiş etdirilməsi üçün təbliğat xarakterli filmlər hazırlayır. Lent.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə telekanallarda yeni maarifləndirici videoçarxların yerləşdirilməsi istiqamətində işlər gedir və bu məqsədlə bir neçə rejissorla əməkdaşlıq edilir: “Artıq bəzi sınaq çəkilişləri olub. Fikrimiz var ki, bu il bir neçə qısametrajlı təbliğat xarakterli filmlər hazırlayaq və televiziyalarda nümayiş etdirək. Hazırda bu sahədə işlər davam etdirilir”.
Yol qəzalarının azalmasına magistral yolların kənarlarında yerləşdirilmiş sosial reklam lövhələrinin müsbət təsirinin olduğunu deyən şöbə rəisi bildirib ki, bu sahədə də işlər genişləndiriləcək: “Yollarda qəzaların sayının azaldılması, sürücü və piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı sosial reklam lövhələrinin yerləşdirilməsi məsələsi diqqətimizdədir”.