Bakıda təmir olunan Zabrat-Pirşağı avtomobil yolunun kənarları aşağı salınır. "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, həmin yolun kənarında ticarət obyektlərinin və yaşayış evlərinin tikilməsi nəticəsində yolun kənarı hərəkət hissəsindən yuxarı qalxır ki, bu da yağış sularının birbaşa yolun hərəkət hissəsinə axmasına səbəb olur.
P.Mürsəliyev qeyd edib ki, ötən gündən başlayaraq asfalta bitişik qaldırılan hissələr 20-30 sm qazılaraq aşağı salınır ki, yağış sularını kənarlaşdırmaq mümkün olsun. Yol boyu bu proses davam etdiriləcək: "Sahibkarlar həm özləri üçün, həm də yol təsərrüfat orqanı üçün, eyni zamanda yoldan keçən insanlar üçün problemlər yaradırlar. Çünki orada giriş-çıxış yoxdur, birbaşa yola girirlər. Yəni orada 300-500 metrdən bir giriş-çıxış qoyulmalıdır. Vaxtında sahibkarlar obyektlərin tikilməsi ilə bağlı "Azəryolservis" ASC-yə müraciət etməli idilər və əvvəlcədən giriş-çıxış məqsədilə texniki şərt alıb sonra o işlərə başlamalı idilər".
Zabrat-Pirşağı avtomobil yolunun iki hərəkət zolağından dörd zolaqlıya genişləndirilməsi işi hazırda davam etdirilir. Əvvəllər yolun uzunluğu 9 km, eni isə 7 metr təşkil edirdi. İndi isə eni təxminən 15 metr olaraq 4 zolağa uyğun genişləndirilib. Yolun, demək olar ki, 8 km hissəsinə 20 sm qalınlığında üst qat asfalt örtüyü salınıb və hazırda işlər davam etdirilir.