Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti 5-6 iyul tarixlərində gözlənilən hava proqnozunu açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, iyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 19-23 dərəcə, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. İyulun 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 5-də hava şəraiti gündüz saatlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Yağışın Böyük Qafqazın bəzi yerlərinlə leysan xarakterli olacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 17-22 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.
İyulun 6-da əksər rayonlarda yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Böyük və Kiçik Qafqazın bəzi ərazilərində leysan xarakterli yağış yağacağı ehtimalı var. Temperatur gecə 18-23 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 22-27 dərəcə isti olacaq.