Yas mərasimləri ilə bağlı zəruri və prinsipial addım
08 sentyabr 2014 23:01 (UTC +04:00)

Yas mərasimləri ilə bağlı zəruri və prinsipial addım

Toy və yas mərasimlərinin neçə illərdən bəri mahiyyətinə uyğun olmayan formada keçirilməsinin dəb halını alması, israfçılığa yol verilməsi, yersiz təmtəraq uzun zamandır ictimai rəyi məşğul edən ən problemli məsələlərdən birinə çevrilmişdi. Cəmiyyətin ən müxtəlif sosial təbəqələri – ictimai-siyasi xadimlərdən ziyalılara, alimlərdən pedaqoqlara qədər, demək olar, hamı neçə illərdən bəri adət halını almış bu tendensiyanın bəhshəbəhs, “palaza bürün, ellə sürün” prinsipi ilə əndazəsini aşmasından, nəticədə başqalarından dala qalmaq istəməyən kasıb, imkansız təbəqənin maddi sıxıntı çəkməsindən, bir çox hallarda borca-xərcə düşməsindən narahatlıq ifadə edir, bununla bağlı tədbirlərin görülməsi zəruriliyini vurğulayırdılar. Məsələ parlamentə qədər də ayaq açmış, bir çox millət vəkilləri problemin qanunlarla tənzimlənməsi təklifini irəli sürmüşdülər. Hətta bir ara media parlamentin müvafiq komitəsində “Mərasimlər haqqında” qanun layihəsinin hazırlandığı barədə xəbərlər də yaymışdı.

 

Səslənən fikirlər arasında problemin ya qanunla, ya da inzibati yollarla tənzimlənməsini təklif edənlər də az deyildi. Diqqəti xüsusilə yas mərasimlərindəki təmtərağa, dəbdəbəli başdaşıların, qəbirüstü abidələrin qoyulmasına yönəldənlər bu məsələlərin tövsiyə xarakterlı çağırışlarla çözülməsinin mümkünsüzlüyünü əsas gətirərək çıxış yolunu inzibati metodlara əl atılmasında görürdülər. Onların qənaətlərinə görə, əzizini itirmiş insan elə bir psixoloji durumda olur ki, o məqamda nə qədər maddi ziyana düşəcəyini, hansı maddi sıxıntılarla üzləşəcəyini dərk edə bilmir. Dünyasını dəyişmiş yaxınına son borcunu layiqincə yola salmaq istəyən adamı həmin vaxt yalnız bir məsələ düşündürür: nə olur-olsun məclisə gələn qonaq narazı getməsin. O məqamda insan öz həyata fərd olaraq yox, “cəmiyyətin gözü” ilə baxır və öz imkanlarını soyuq başla götür-qoy edə bilmir. Bu baxımdan da tövsiyə xarakterli çağırışlar kəsərsiz olur. Ona görə də yeganə effektli çıxış yolu kimi inzibati metoda əl atmaq qalır. Bunu etmək üçün isə qətiyyətli mövqe ortaya qoymaq lazım gəlirdi. Əslində, bu məsələyə əncam çəkilməsini hamı arzulasa da, neçə illər idi hansısa konkret addım atılmır, necə deyərlər, heç kim əlini daşın altına qoymaq istəmirdi.

 

Nəhayət, belə bir məsuliyyəti tanınmış ziyalı, akademik, bir neçə ay öncə Azərbaycan Prezidentinin sərəncamı ilə  millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilmiş Kamal Abdulla öz üzərinə götürməli oldu. Yas mərasimləri, ehsan süfrələri ilə bağlı hökumət konkret standartlar müəyyənləşdirdi, israfçılığa səbəb olan ehsan süfrələrinin ləğvinə qərar verildi və həyata keçirilən tədbirlərə ümumi rəhbərlik dövlət müşaviri, akademik Kamal Abdullaya həvalə edildi. Yeni standartlar yas mərasimlərinin yeddi gün yox,  üç gün keçirilməsini, bundan əlavə, ehsan süfrələrinə yalnız çay, limon, su, xurma, üç mərasimində isə əlavə olaraq halva verilməsi mümkünlüyünü nəzərdə tuturdu.

 

Bu barədə məlumat ictimaiyyətə açıqlanan kimi Bakı kəndlərində, Gəncədə və Sumqayıtda, eləcə də respublikanın ayrı-ayrı rayonlarında maarifləndirici tədbirlər həyata keçirilməyə başlandı, yerli icra strukturları və dini qurumlar prosesə cəlb olundular. Artıq Bakıda, Gəncədə, Sumqayıtda, eləcə də respublikanın müxtəlif rayonlarında yas mərasimləri yeni qaydalara uyğun formada təşkil olunur, yaradılmış komissiyalar ortaya çıxan problemlərin aradan qaldırılması istiqamətində operativ fəaliyyət göstərir. Regionlarda yaradılmış komissiyalarla mütəmadi əməkdaşlıq edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondundan verilən məlumata görə, yas mərasimlərinin yeni qaydalarla təşkil olunması ilə bağlı bölgələrdə yeni ab-hava yaranıb. Hökumətin atdığı bu addım və görülən tədbirlər cəmiyyətdə böyük rəğbətlə qarşılanır.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun fikrincə, cəmiyyətimizdə yas mərasimlərinin təmtəraqla, mahiyyətinə uyğun olmayan formada keçirilməsi və israfçılığa yol verilməsi ciddi qüsur sayılır. Onun “525”in müxbiri ilə söhbətində bildirdiyinə görə, tarix boyu xalqımız müdrik uzaqgörənliklə sosial münasibətlərdə çətinlik və mürəkkəbliyi deyil, sadəliyi, səmimiliyi və rahatlığı öndə tutub: “Buna baxmayaraq cəmiyyətdə bəzən elə adətlər meydana çıxır ki, onlar mütərəqqi mahiyyətdən uzaq olur, tədricən sosial problemə çevrilir və təbii ki, zamana uyğun dəyişikliyə məruz qalması labüd olur. Bu baxımdan yas mərasimlərində israfçılığın aradan qaldırılması artıq sosial sifarişdir və hər kəs tərəfindən dəstəklənir. Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurasının da xüsusi müraciəti var. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi milli-mənəvi dəyərlərimizin ifadəsi sayılan yas mərasimlərinin israfçılıqdan uzaq, islam dininin tələbləri çərçivəsində yerinə yetirilməsi ilə bağlı ictimai məlumatlılığı artırmaq və tövsiyələrinin yerlərə çatdırılması istiqamətində yerli icra hakimiyyəti orqanları ilə birlikdə maarifləndirmə tədbirləri həyata keçirir”. G.İsmayılov qeyd edib ki, ümumi müşahidələr və Dövlət Komitəsinə daxil olan çoxsaylı müraciətlər deməyə əsas verir ki, yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər, verilən tövsiyələr əhali tərəfindən yüksək səviyyədə dəstəklənir: “Artıq bir sıra rayonlarda bu tövsiyələrə əməl edilir. Paytaxtımızda da yas mərasimlərinin keçirilməsində əməli dəyişiklik var. Diqqət mərkəzində saxlanılan bu proses inzibatçılıqdan uzaq, maarifləndirici formada olduğuna görə tədricilik prinsipinə əməl olunur”.

 

Millət vəkili Fazil Mustafaya görə, hər bir insanın öz ailəvi tədbirini arzusuna uyğun keçirmək haqqı olsa da, öz xeyrini düşünməyən insanlara bəzən inzibati vasitələrlə təsir göstərməkdən başqa yol qalmır: “Cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsini düşünən ziyalılar, tanınmış din adamları, rəsmi dövlət qurumları insanlara bu istiqamətdə tövsiyələr verməyə borcludurlar. İlk arqument budur ki, İslam qaydaları üzrə bu ritualları yerinə yetirmək istəyirsinizsə, İslamda bu cür israfçılıq və hoqqabazlıq yoxdur. Əgər özünüzdən qayda icad etmisinizsə, bu qaydalar insanlara əziyyət verir və bunun yüngülləşdirilməsi hər bir vətəndaşın xeyrinədir. Ona görə də bu istiqamətdə atılan addımları hər bir vətəndaşın dəstəkləməsi vacibdir”.

 

Son dövrlərdə prezidentin kadr siyasətində iki hadisəni xüsusi olaraq vurğulayan F.Mustafa görkəmli alim, dəyərli Azərbaycan yazarı Kamal Abdullanın və Mübariz Qurbanlının strateji cəhətdən əhəmiyyətli postlara gətirilməsini düzgün qərar hesab edir: “Dini məsələlərə xüsusi diqqətin ayrılmasını müşahidə edirik. Kamal Abdullanın öz yaradıcı xarakteri ilə bu sahədə ciddi işlər görəcəyinə inamım böyükdür”.Millət vəkili qeyd edib ki, İslama ən çox zidd olan qaydalar qəbiristanlıqla bağlı daha bariz şəkildə özünü göstərir: “Bəzilərinin imkanı olsa, milyonlarla vəsaiti ayırıb başdaşı əvəzinə ehramlar tikərlər. Burada da ciddi standartların müəyyənləşməsi vacibdir”.

 

Uzun illərdir bu mövzudan ən çox yazan və danışan fikir adamlarından biri, sosioloq Əhməd Qəşəmoğlu da son günlər bu istiqamətdə atılan addımları dəstəkləyir: “Düzdür, dünyasını dəyişən insanları hörmətlə yola salmaq lazımdır, amma təəssüf ki, bizdə böyük əksəriyyət bu hörmətlə yola salmanı maddiyyatla bağlayırlar. Bu məsələlər İslam dinində də aydın əks olunub. Təəssüf ki, indiyəcən bu şərtlərin özü bir sıra hallarda yaddan çıxır və meşşanlıq, harınlıq önə keçirdı. Belə bir vəziyyətin yaranmasında əsas səbəb xalqın qəlbinin həssaslığından sui-istifadə edən “yas mafiyası”nın fəaliyyəti idi. Nəticədə, islamın tələbləri, xalqın min illik adət-ənənələri bir yanda qalır, ortaya yeni adətlər çıxırdı. İnsanlar arasında meşşancasına yarış mexanizmi yaranmışdı. Rəhmətə gedənə dəbdəbəli yas mərasimi, bahalı başdaşı qoymaq kimi lazımsız adətlər kök salmışdı. Buradan isə həmin yas mafiyası böyük maddi qazanc əldə edirdi. Qəbiristanlıqlarda qəbir yerləri günü gündən bahalaşır, qəbir üstü götürmək, ehsan vermək insanlara ciddi maddi zərbələr vururdu. Deyək ki, bəzi imkanlı, meşşan adamlar bundan zövq ala bilər, amma yoxsul adam üçün bu mərasimlər əzab-əziyyətə, ciddi maddi çətinliyə səbəb olur”. Son illər mərasim evlərinin az qala şadlıq evlərindən də çox pul qazanmağa başladığını deyən Ə.Qəşəmoğlu mərasim evlərinin bəzən eyni ərzağı ay ərzində 15-20 dəfə ayrı-ayrı insanlara satdığını bildirir: “Hər məhəllədə xeyir-şər evlərinin tikilməsinə, onların havayı, yaxud az qiymətlərlə insanların istifadəsinə verilməsinə ehtiyac var. Əslində, nəzir qutularında hər gün yığılan böyük pullar bu işə yönəldilməlidir”.

 

Din xadimi, “Mənəvi Dünya” İctimai Birliyinin sədri Hacı Şahin Həsənli də son günlər həyata keçirilən tədbirləri müsbət qarşıladığını, ehsan süfrələrinin təmtəraqdan uzaq təşkil edilməsinin tərəfdağrı olduğunu bildirib: “Artıq çoxdandır ki, toy və yas məclislərində olan israfçılıq, dəbdəbə və təmtəraq cəmiyyətdə müzakirə edilirdi, insanlar narahatçılıqlarını bildirirdilər. Bəziləri qorxur ki, onun süfrəsi zənginin süfrəsindən fərqli olsa, qonaqlar onu qınayacaq, bəziləri isə sadəcə, “ayağını yorğanına görə uzatmaq” istəmirdi deyə, borca-xərcə düşürdü. Dəfn, ehsan, başsağlığı Allaha xatir edilməli olduğu halda, bir çoxları özlərini göstərməklə məşğul idi. Bu ayinlər dünyasını dəyişənə savab çatsın, insanlar öz öləcəkləri günü xatırlasın və itki ilə üzləşmiş ailəyə mənəvi dəstək verilsin deyə icra olunmalıdır. Biz isə bunun tam əksini görürdük, sanki insanlar yas məclisinə dadlı nahar etmək üçün gəlirlər. Təbii ki, bunun qarşısı alınmalı idi”. Hacı Şahinə görə, hər kəs öz imkanına uyğun mərasim keçirsəydi, belə tədbirlərə ehtiyac olmazdı: “Bizim cəmiyyətdə artıq dəyərlər dəyişib, nədənsə imkansızlıq bir eyib kimi başa düşülür, insanlar maddiyyata daha çox bağlanıblar. Problem ondadır ki, təmtəraq və cah-cəlal məclis sahibinin azad seçimi kimi qəbul olunmurdu, əksinə, ictimai normaya çevrilmişdi. Yəni, imkansız da ictimai qınaqdan ehtiyatlanıb, bu dəbə uyğunlaşmaq məcburiyyətində idi. Bu səbəbdən, məsələni çözmək zərurəti yarandı”.

 

Ş.Həsənli qəbirlərin üstünün götürülməsi məsələsinin də ciddi problemə çevrildiyini vurğulayıb: “Təbii ki, insan öz yaxınının qəbrini ziyarət etmək istəyir. Qəbiristanlıq ziyarəti İslamda təkid olunan məsələlərdəndir. İnsan bu ziyarət zamanı axirətini yada salmalı və dünyada özünü islah etməyə stimul qazanmalıdır. Bundan əlavə, ölüləri yad edib, onlar üçün dua etməlidir ki, bu da insanın mənəvi böyüməsinə yardım göstərir. Çünki başqaları üçün çalışmaq, başqalarını düşünmək, insanı mənəvi cəhətdən təmizləyir. Maddiləşməyimizin göstəricisindən biri də budur ki, qəbirləri də şan-şöhrət üçün ucaldırlar. Mənəvi tərəf unudulur, yalnız formaya fikir verilir”. Ş.Həsənlinin fikrincə, bu problemlə də ciddi məşğul olmaq lazımdır.

 

Artıq proses start götürüb və görülən tədbirlər, atılan addımlar cəmiyyətin mütərəqqi düşünən ən müxtəlif təbəqələri tərəfindən rəğbətlə qarşılanır. Böyük əksəriyyət belə düşünür ki, başlanan iş sona qədər davam etdirilməli, ortaya qoyulan mövqedən geri çəkilməməli, hətta lazım gələrsə, inzibati tədbirlərin gücləndirilməlidir. Bu günlərdə görülən tədbirlərlə bağlı açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının mövqeyi isə, açığı, bir qədər məyusluq yaratdı. Komitə sədri “Biz insanları nəyəsə məcbur edə bilmərik, istəyən verilən tövsiyələrə əməl edəcək, istəməyən etməyəcək, burda məcburiyyət yoxdur” fikrini sanki inzibati metodlara əl atılmasının kimlərinsə etirazına səbəb ola biləcəyindən ehtiyatlanaraq səsləndirdiyi təəssüratı yaradırdı. Halbuki tarixə nəzər yetirsək görərik ki, hətta müasir dünyanın ayrı-ayrı qabaqcıl ölkələrində də müxtəlif dövrlərdə ən fərqli problemlər məhz inzibati metod və qadağalarla öz həllini tapıb. Doğrudan da, bəzən hər kəsin qəbul etdiyi reallığı dəyişdirmək mümkün olmadıqda bunu yalnız inzibati tədbirlərlə müəyyənləşdirmək zərurəti yaranır. Atılan inzibati addımlar da müəyyən müddətdən sonra problemi aradan qaldırır və adət kimi formalaşmanın təməlini qoyur. Misal üçün, böyük dövlət xadimi və görkəmli fikir adamı Mustafa Kamal Atatürk, məlum olduğu kimi, təkcə Türkiyə Cümhuriyyətinin qurucusu deyil, həm də qardaş ölkədəki əsaslı mədəni inqilabların, dünyəvi yeniləşmənin banisidir. Əsasını qoyduğu yeniliklərin cəmiyyət həyatında təkcə təbliğat, maarifləndirmə yolu ilə yerləşəcəyinə sadəlöhv inamdan uzaq olan Atatürk, haqlı olaraq, məqamı gəldikdə, zərurət yarandıqda öz mütərəqqi ideyalarının ictimaiyyətə müxtəlif təsir üsulları ilə, inzibati metodlarla qəbul etdirməyi lazım bilib. Tarix göstərdi ki, onun bu xətti özünü doğrultdu, nəticədə Türkiyə Cümhuriyyəti tezliklə dünyanın mədəni, irəli dünyagörüşlü cəmiyyətlərindən birinə sahib oldu. Hazırda bu yöndə, xüsusən ehsan mərasimlərinin sadə keçirilməsilə bağlı Türkiyə cəmiyyətindən örnək götürmək olar.

 

Ona görə də, fikrimizcə, görülən tədbirlər ardıcıl şəkildə davam etdirilməli, hətta tədricən toy mərasimlərinin keçirilməsi ilə bağlı da müəyyən addımlar atılmalıdır. Heç kəs inkar etməz ki, bu gün yaslarımız kimi toylarımız da bəhshabəs meydanına çevrilib. Şadlıq sarayları istisnasız olaraq toy sahiblərinə öz şərtlərini diqtə edir, nəticədə onlar bahalı menyular sifariş etmək məcburiyyətində qalırlar. Mərasim bitdikdən sonra isə toy sahibləri məclisdə yığılan pulları çox vaxt bütövlükdə şadlıq saraylarına ödəyirlər. Hətta bəzən elə olur ki, toyda yığılan pullar şadlıq saraylarının haqqını ödəməyə kifayət eləmir, toy sahibləri əlavə ödəniş eləməli olurlar. Əslində ailə quran gənclərin rifahı, hansısa probleminin həlli üçün yığılan pullara nəticədə toy mafiyası sahib çıxır. Əhalini bu bəlalardan xilas etməyin də yolu birmənalı olaraq inzibati tədbirlərdən keçir. Toy mərasimlərinin qaydaya salınmasının daha çətin olduğunu bildirən millət vəkili Fazil Mustafa fikrincə, şadlıq saraylarının himayəçilərinin təzyiqini qırmaq çox ağır prosesdir: “Bizdəki qədər harın toylara dünyanın heç yerində rast gəlməzsən. İnsanları bu toy terrorunun cəngindən qurtarıb, gənc ailələrin xoşbəxtliyi üçün yaradılan bu maddi maneəni aradan qaldırmaq lazımdır”.

 

Sosioloq Əhməd Qəşəmoğluna görə, Azərbaycanda “toy mafiyası” şəbəkəsi var və ilbəil güclənir: “Hər il şadlıq evlərində masanın qiyməti daha da artır, insanlar toya gedərkən daha çox pul xərcləməyə məcbur olurlar. Qohum-tanışların verdiyi pullar şadlıq evlərinin, müğənnilərin, “toy mafiyası”nın ciblərinə axır. Toy sahibi də uzun illər boyu toyuna gəlib pul salanlara borclu düşür. İndi Azərbaycanda toy və yas mərasimlərində baş verənlər bir sosial bəla, sosial fəlakətdir. Təsəvvür edin, bir evə bəzən 10-15 dəvətnamə gələ bilər. Deməli, bir ailə bunun üçün orta hesabla iki min manata qədər pul tapmalıdır. Lap olsun min manat. Axı, yoxsul ailə bunu hardan alsın? Nəticədə o ya özünü dağa-daşa salmali, min əziyyət çəkməli, ya da rüşvət almalı, kriminalla məşğul olmalıdır”.

 

Din xadimi Hacı Şahin də toy mərasimlərində tətbiq olunan qeyri-adi yüksək standartlardan narahatlığını ifadə edib: “İki gəncin ailə qurmasına cəmiyyət şahidlik edir, onlara xeyir-dua verir. Toyun hikməti budur, özünü göstərmək deyil. Yeni ailənin yaranması münasibəti ilə süfrə açılması, şadlıq təşkil edilməsi bəyəniləndir. Amma təbii ki, bütün bunlar müəyyən çərçivədə olmalıdır. Qohum-əqrəba, dost-tanış toya gələr, yeni ailə quranları təbrik edər, gənclərə müəyyən maddi yardım da göstərərlər. Lakin bizim cəmiyyətimizdə toy üçün qeyri-adi yüksək standartlar tətbiq olunur: mütləq toy dəbdəbəli şadlıq sarayında keçirilməlidir, mütləq menyüdə çeşidli yeməklər olmalıdır, mütləq tanınmış müğənnilər iştirak etməlidir; mütləq qonaqlar tərəfindən yüksək maddi dəstək verilməlidir və sair. Artıq toy kimi sevincli bir hadisə əziyyətə, bazara çevrilir. Bu adətin qarşısı mütləq alınmalıdır”. 

 

“525.az”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3272

Oxşar yazılar