Fevralın 10-dan YAP Gənclər Birliyinin təşkil etdiyi «Gənc liderlər» gənc siyasətçilər üçün «Qış məktəbi»nə start verilib. Fevralın 14-dək Oğuz rayonunda yerləşən «Afra» oteldə davam edəcək «Qış məktəbi»ndə YAP-ın Bakı şəhəri üzrə rayon təşkilatlarının 100-ə yaxın fəal gəncləri və ali məktəb tələbələri iştirak edəcəklər.
Lent.az-ın verdiyi məlumata görə, fevralın 10-da «Qış məktəbi»nin açılışı olub. İştirakçılar komandalara bölünüb, gənclərlə görüşdə müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qrup rəhbərləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva Azərbaycan dövlətinin, Yeni Azərbaycan Partiyasının gənclərə diqqət və qayğısından, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün yaradılan şəraitdən bəhs ediblər
V.Rəhimzadə gənclərə yaradılan bu şəraitə görə prezident İlham Əliyevə, YAP sədrinin müavini-icra katibi Əli Əhmədova, YAP icra katibinin müavinləri Mübariz Qurbanlı və Siyavuş Novruzova minnətdarlığını ifadə edib.
«Qış məktəbi»nin əhəmiyyətindən, gənclərin intellektual səviyyəsinin artırılmasına, gənclər arasında əlaqələrin inkişafına öz müsbət təsirini göstərməsindən geniş bəhs edən V.Rəhimzadə eyni zamanda layihənin əsas məqsədlərindən olan gənclərin istirahətinin lazımi səviyyədə təşkilini də yüksək dəyərləndirib.
YAP Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva partiyanın gənclərin ictimai-siyasi fəallığının, eyni zamanda istirahətlərinin yüksək səviyyədə təşkili istiqamətində atdığı addımlardan danışıb.
«Qış məktəbi» çərçivəsində keçirilən debatlarda müxtəlif mövzularda müzakirələr aparılır, gənclərin biliklərinin artırılmasına xidmət edən çıxışlar olunur. Layihə çərçivəsində gənclərin Milli Məclisin deputatları, həmçinin siyasətçilərlə görüşləri də nəzərdə tutulub.
«Qış məktəbi»nin birinci günü «Nikah müqavilələrinin bağlanması və ailə məcəlləsi» mövzusunda seminar keçirilib. Seminarın moderatoru Zaur Quliyevdir. Seminarda ötən illərdə ailənin möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində bir sıra hüquqi islahatların aparıldığnı bildirilib.
Keçirilən görüşlərdə çıxış edən gənclər dövlətin, Yeni Azərbaycan Partiyasının onlara diqqət və qayğısından razılıqlarını bildirərək bu fikri dəfələrlə qeyd ediblər ki, Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşir, gələcəyə böyük inamla addımlayırlar.