Yeni Azərbaycan Partiyası (YAP) regionlarda tələbələrlə görüş keçirib. YAP Gəncə şəhər təşkilatından Lent.az-a görə, verilən məlumata görə, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüşdə təşkilatın sədri, deputat Naqif Həmzəyev ölkədə gənclərə olan diqqət və qayğının bəhrələrindən, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsindən danışıb.
“Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğı xüsusi yer tutur. Ulu öndərin 1997-ci ildə imzaladığı sərəncamla 2 Fevral-Gənclər Gününün təsis edilməsi bunun parlaq nümunəsidir. Bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin gənclərə hərtərəfli qayğısı sayəsində onların yüksək təhsili, ictimai-siyasi fəallığı, dövlət quruculuğu işində yaxından iştirakı üçün hərtərəfli şərait yaradılıb”-deyən N. Həmzəyev gənclərin ictimai-siyasi proseslərə daha fəal qoşulması üçün irəli sürülən təşəbbüslərdən danışıb: “Ona görə də gənclər bu gün həm ictimai-siyasi həyatda, həm də sosial şəbəkələrdə xüsusilə, Xocalı soyqırımının bütün dünyada tanıdılmasında, Dağlıq Qarabağ həqiqətlərinin işıqlandırılmasında daha fəal olmalı, ətrafdakıları da belə mühüm proseslərə cəlb etməlidirlər”.
Deputat Gəncədə gedən sürətli inkişafdan danışıb, Gəncənin gündən-günə inkişaf etdiyini qeyd edib. O gənclərin sosial problemləri, onları düşündürən məsələlər, eyni zamanda elm-təhsil, intellektual inkişafla bağlı fikir və təkliflərin dinləyib. İrəli sürülən təklif və təşəbbüslərlə bağlı geniş müzakirələr aparılıb.