Xüsusi qayğıya ehtiyacı olan uşaqların I sinfə elektron qaydada qəbuluna start verilib.
Bu barədə Lent.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Belə ki, Bakı şəhəri 11 nömrəli İnteqrasiya təlimli internat məktəb, Bakı şəhəri 8 və 10 nömrəli Sanatoriya tipli internat məktəb, Sumqayıt şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya, Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Sumqayıt şəhəri internat tipli gimnaziya və Gəncə şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyada I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. Yəni valideyn övladı üçün elektron şəkildə bu məktəblərdən birini seçərək sorğu yerləşdirə bilər. Sorğu yerləşdirildikdən sonra Şəxsi kabinetdə hər bir məktəbin təlimatına uyğun bildiriş öz əksini tapır.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərinə (Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəb, 1 nömrəli tam orta internat məktəb, 2 nömrəli ümumi orta internat məktəb) qəbul isə onlayn şəkildə aparılmır. Təlimata əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərinə qəbul Təhsil Nazirliyinin göndərişi əsasında aparılır. Həmin göndərişlər elektron poçt vasitəsilə BŞTİ-yə təqdim olunduqdan sonra admin tərəfindən sistemə elektron sorğu yerləşdiriləcək.
Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən valideynlər Bakı şəhəri 11 nömrəli inteqrasiya təlimli internat məktəbi üzrə 130 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzinə, Bakı şəhəri 8 və 10 nömrəli sanatoriya tipli internat məktəbləri üzrə isə 78 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzinə müraciət edə bilərlər.