Xələf Xələfov: Suriya ermənilərinin Qarabağda məskunlaşması münaqişənin həllinə ciddi ziyandır”
08 fevral 2013 12:46 (UTC +04:00)

Xələf Xələfov: Suriya ermənilərinin Qarabağda məskunlaşması münaqişənin həllinə ciddi ziyandır”

Fevralın 7-də xarici işlər nazirinin müavini Xələf Xələfov Avropa Birliyinin  Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Patrisia Florun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Avropa Birliyi əməkdaşlığı, enerji və nəqliyyat layihələri, regional təhlükəsizlik, Xəzər regionu ilə əlaqədar məsələlər, Ermənistan-Azərbaycan münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb.

 

Patrisia Flor Avropa Birliyinin Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək əzmində olduğunu, Azərbaycanın Avropa Birliyinin Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı baxımından mühüm rol oynadığını söyləyib. O, Avropanın enerji təchizatında Azərbaycanın vacib rol oynadığını və  Avropa Birliyi və Azərbaycan arasında yaradılmış strateji enerji tərəfdaşlığının əhəmiyyətini vurğulayıb. Xələf Xələfov isə Avropa Birliyi və Azərbaycan arasında müxtəlif sahələrdə yüksək səviyyəli əməkdaşlığın olduğunu və bu münasibətlərin dinamik inkişaf etdiyini bildirib. Xüsusilə enerji və nəqliyyat sahələrində Azərbaycanın Avropa Birliyinin uzunmüddətli və etibarlı tərəfdaşı olduğunu qeyd edən Xələf Xələfov bu sahədə dialoqun genişləndirilməsini əhəmiyyətli sayıb. O, TANAP, Cənub Enerji Dəhlizi, Trans-Xəzər qaz kəməri kimi planlaşdırılan layihələrin reallaşması ilə ölkəmizin istər enerji istehsalçısı, istərsə də tranzit ölkə kimi Avropanın enerji sistemində rolunun artacağına əminliyini dilə gətirib, Mərkəzi Asiya regionunun Avropa Birliyi ilə münasibətlərinin daha da genişləndirilməsində Azərbaycanın maraqlı olduğunu və TRASEKA layihəsinin bu regionun Avropa ilə əlaqələrinin inkişafında xüsusi əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ilə əməkdaşlığın genişləndirilməsində, Əfqanıstanda sülhün və sabitliyin təmin olunmasında maraqlıdır. Azərbaycan Əfqanıstan üzrə İstanbul Prosesinin də fəal iştirakçısıdır, bu ölkədə kadr potensialının gücləndirilməsi, infrastruktur və sosial sahədə layihələr həyata keçirilir və bu istiqamətdə fəaliyyətin genişləndiriləcək. Xələf Xələfov Azərbaycanın Əfqanıstandan çıxarılan hərbi birliklərin daşınması üçün tranzit ölkə kimi vacib rolunu də qeyd edib. 

 

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Xələf Xələfov Ermənistanın danşıqlar prosesində nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyin regionun təhlükəsizliyinə təhdid olduğunu diqqətə çatdırıb. Xarici işlər nazirinin müavini qeyd edib ki, Ermənistan rəhbərliyi tərəfindən Xocalı hava limanına uçuşların həyata keçiriləcəyi ilə bağlı təxribat xarakterli bəyanatlar və Suriyadan gələn ermənilərin Azərbaycanın işğal altında olan ərazilərində məskunlaşdırması kimi addımlar münaqişənin həllinə və regionda sülh və sabitliyin bərqərar olmasına ciddi ziyan vurur. Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan ərazilərində nəzarətsizlikdən istifadə edilərək narkotik maddələrin dövriyyəsi və terrorizm kimi qlobal sabitliyə təhdid təşkil edən fəaliyyətlərin həyata keçirilməsinə diqqəti cəlb edən Xələf Xələfov  beynəlxalq ictimaiyyət və Avropa Birliyi tərəfindən Ermənistana təzyiqlərin artırılmasını zəruri sayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 750
avatar

Oxşar yazılar