Əməkdar artist, mərhum Xanım Qafarovanın iş yoldaşları – Dövlət Musiqili Teatrının kollektivi Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya minnətdarlıq məktubu göndərib. Lent.az-ın məlumatına görə, müraciətdə deyilir: “Dəyərli Mehriban xanım, həyatının ən çətin məqamında, olumla ölümün sərhədində çarpışanların, doğmalarının, xüsusilə də körpə balalarının əlini buraxıb getmək istəməyənlərin ən kritik məqamında Siz öz şəfqət qanadlarınızı onların üstünə gərirsiz, dərdlərinə dərman, xəstəliklərinə əlac arayırsınız. Son illər Heydər Əliyev Fondunun və şəxsən sizin dəstəyinizlə həm ölkəmizdə, həm də dünyanın ən məşhur klinikalarında müalicə olunub ailəsinin yanına qayıdanların Sizə duası və şükranlığı sonsuzdur”.
Müraciətdə həmçinin Mehriban Əliyevanın əməkdar artist Xanım Qafarovanı Türkiyədə müalicə göndərməyi də xüsusi vurğulanır. “Məhz Sizin qayğı və şəfqətinizlə o, daha bir neçə ay yaşaya bildi. Lakin bu yetmədi. Vəziyyətinin ağırlaşdığını biləndə Siz onun müalicəsinin İsraildə davam etdirilməsi üçün göstəriş verdiniz. Təəssüf ki, səfərə hazırlıq ərəfəsində Xanım Qafarova dünyasını dəyişdi.
Lakin Siz yenə də onun ailəsini tək buraxmadınız. Son ana qədər Xanım Qafarovanın doğmalarını diqqətdə saxladınız və ən ağır məqamlarda ailənin bütün qayğısını çəkdiniz, dəfn mərasimi, yas mərasimi zamanı onları çətinlik çəkməyə qoymadınız. Biz, Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi olaraq Sizə bu xeyirxahlığınız, diqqət və qayğınız üçün minnətdarıq”.