Avqustun 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq (DMX) işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə Xaçmaz rayonunda əmək yarmarkasını keçirəcək. Yarmarkada 350-ə yaxın boş (vakant) iş yeri təqdim olunacaq. Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, tədbirlərdə ayrı-ayrı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq. Əmək yarmarkalarında sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota əsasında boş iş yerlərinin təqdim olunması da nəzərdə tutulur.
Qeyd edək ki, cari ilin ötən dövründə Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın 20 rayon və şəhərində Əmək yarmarkaları keçirilib. Bu aktiv məşğulluq tədbirlərində ümumilikdə 1509 nəfər vətəndaşa boş (vakant) iş yerlərinə göndəriş verilib, 108 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, 107 nəfər ödənişli ictimai işlərə cəlb olunub.