Vağzaldakı əyyaş dülgər və arvadı - Murad Köhnəqala yazır
28 iyun 2016 10:13 (UTC +04:00)

Vağzaldakı əyyaş dülgər və arvadı - Murad Köhnəqala yazır

 

I yazı

 

II yazı

Axşamdan şərtləşdiyimiz kimi, səhər tezdən Lal donquldana-donquldana bizi oyatdı. Şaiqlə mən avtobusa minib rayon mərkəzinə, oradan da Omsk şəhərinin dəmiryol vağzalına gəldik. Vağzalın içi bir  neçə  geniş salondan ibarət idi. Salonlarda gözləmə skamyaları, bir də ayaqüstü stolları olan kafelər vardı. Adətən, belə kafelərin menyusu çox kasad olur. Burda yalnız soyutma toyuq, kotlet, bişmiş yumurta, çörək, kofe, kakao və çay verirdilər.

 

Şaiq bufetdən soyutma toyuq, kofe və araq götürüb hündür, dəyirmi stolumuzun üstünə düzdü. Biz arağı açıb yeməyə girişdik. Milislər skamyaların arasında hərlənir, oturub yatan, şübhəli görünən adamların biletlərini yoxlayırdı. Yəni, qatara bileti olmayanlar vağzalda çox qala bilməzdilər. Çünki Rusiyanın hər yerində evsiz-eşiksizlər, tüfeyli əyyaşlar havalar soyuyanda dəstə ilə vağzallarda məskunlaşmağa, küncdə-bucaqda gizlənib isinməyə çalışır, hər cür oğurluğa əl atırdılar. Düzdü, qatar qarşılayan adamlar da burada otura bilirdi, ancaq gözlədikləri qatar gələndən sonra milislər dərhal onları vağzaldan çıxarırdı.

 

Bizim qonşu stolda da üç nəfər ayaqüstə durub yemək yeyirdi. Şaiq mənə dedi, onlar stoldan aralananda mənzərəyə baxarsan. Bir azdan o üç nəfər stolu tərk elədi. Onlar azca aralaşan kimi dörd nəfər kişi skamyaların arasından irəli cumub stolda qalan sümük tikələrini gəmirməyə başladılar. Şaiq gülüb dedi ki, bax, bunların arasından iş bacaran, sağlam olanları özümüzə fəhlə aparacağıq. Sonra o, dörd nəfərdən birini yanımıza dəvət elədi. Araq süzüb çörəyin üstünə bir tikə ət qoydu və “qonağ”a bunu “vurmağı” təklif elədi. Hardasa, 40-45 yaşlarında olan həmin kişi mehriban-mehriban üzümüzə baxıb araq stəkanını götürdü. O, verdiyimiz arağı həzzlə, yavaş-yavaş içib stəkanı yerə qoydu və ona ayrılan yeməyi yedi. İndiyə qədər yadımdadı, Şaiq ondan: “Mujik, işləmək istəyirsənmi?” - deyə soruşdu. Kişinin gözləri parıldadı, başını yelləyə-yelləyə: “Əlbəttə, istəyirəm!” - dedi. Şaiq ondan yenə soruşdu: “Ev tikməyi, suvaq vurmağı, taxta işlərini bilən varmı aranızda?” Kişi sevinmiş halda: “Mən indi gedib uşaqlarla danışacam, sənətkarlar çoxdu, istəsəniz yanınıza çağıraram” - dedi. Şaiq ona: “Özündən başqa dörd nəfər sağlam, inşaat işlərini bilən  adam seç, gətir!” - dedi.

 

Kişi bizdən aralanıb başqa evsiz-eşiksizlərin, pasport-sənədsiz vağzalda sülənənlərin yanına getdi.

Biz vağzalın həyətinə çıxmışdıq. Aradan hardasa yarım saat keçmişdi, gördük, bizim Kolya başına da bir dəstə adam yığıb gəlir. O, özü ilə dörd yox, beş nəfər gətirmişdi. Gələnlərdən biri qadın idi. Şaiq dedi, qadın lazım deyil.  Kolya tez onlardan birinin qolundan yapışaraq söylədi ki, Mişa yaxşı hörgüçüdü, Zina da onun arvadıdı. Mişanı götürürsünüzsə, gərək Zinanı da aparaq. Şaiq bir balaca fikirləşib Zinadan soruşdu ki, yemək bişirməyi bacarırmı. Zina ağzını açmamış sevgilisi Mişa dedi, Zina əla kuxnardı.

Biz dəstənin tərkibi ilə razılaşdıq. Onlar altı nəfər oldular. Şaiq onları qabağına qatıb, bir küncə yığdı və rayon avtobusuna bilet almağa getdi.

 

 ...Lukyanovka qəsəbəsinə çatanda Lal yenə çıxıb bizi qarşıladı. Aralarında nisbətən yaşlı olan birini onlara başçı seçdik. Və qalanlara tapşırdıq ki, “Ded”in sözündən heç kim çıxmamalıdı. Ded əla dülgər idi. Onlar bir az oturub Lalın hazırladığı yeməkdən yedikdən sonra müticəsinə soruşdular ki, bəs işə harda başlayacağıq. Şaiq dedi, bu gün artıq gecdi, həm də yorğunsunuz, sabahdan işə başlayacağıq. Sonra Lala pul verib dedi, get 10 dənə çaxır al. Birazdan Lal əlində çaxır dolu kisə geri qayıtdı. Şaiq “təzələrə” dedi, çaxırın üçünü içə bilərsiniz. Onlar yüngülcə süfrə düzəldib, “Ded”in rəhbərliyi altında yavaş-yavaş çaxırdan vurmağa başladılar. Biraz “hallandıqdan” sonra Lal onlarla məzələnməyə girişdi. Əvvəlcə aralarındakı ən gənci – Kolyanı ayağa qaldırıb onu məzəli baxışıyla başdan-ayağa süzdü. Sonra əl-qolu ilə Kolyaya dedi ki, ağzını aç. Biz Lalın hərəkətlərinə baxıb uğunurduq. Lal Kolyanın dodağını barmağı ilə qaldırıb dişlərinə baxdı. Kolyanın dişləri yerində idi. Lal məmnun səs çıxarıb onun dişlərindən razı olduğunu bildirdi. Sonra əlinin arxası ilə yüngülcə onun qarnına vurub sanki gücünü yoxladı. Artıq Kolya da başa düşdü ki, Lal onunla məzələnir. Lal onun qolunun əzələsini yoxladı və qəfildən ona qol güləşdirmək təklifi elədi.  

(ardı var)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356
avatar

Murad Köhnəqala

Oxşar yazılar