2026-cı il Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Tərəfdaşlıq üzrə Baş Katibinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.
Lent.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
Görüş zamanı Azərbaycan–NATO arasında uzunmüddətli əməkdaşlığın əhəmiyyəti vurğulanıb və “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində həyata keçirilən fəaliyyətlər diqqətə çatdırılıb.
Tərəflər enerji təhlükəsizliyi və kritik infrastrukturun mühafizəsi daxil olmaqla, tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Ceyhun Bayramov həmçinin regiondakı son proseslər, o cümlədən Ermənistanla post-münaqişə normallaşma prosesi, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və davamlı sülhün təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Görüşdə həmçinin qlobal təhlükəsizlik çağırışları müzakirə olunub, xüsusilə Yaxın Şərqdə gərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa riayət olunması və mülki əhalinin müdafiəsinin vacibliyi diqqətə çatdırılıb.
***
13:02
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yəmən Respublikasının Baş naziri, xarici işlər və mühacirlər naziri Şaya Möhsin Zindani ilə görüşüb.
Lent.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
Görüş V Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Tərəflər siyasi dialoqu və ikitərəfli münasibətlərin gücləndirilməsi yollarını müzakirə ediblər.
Həmçinin görüşdə çoxtərəfli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İordaniyanın Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayan vətəndaşlar üzrə naziri Ayman Al-Safadi ilə də görüşü baş tutub.