Bu açıqlamanı APA-ya respublikanın baş pediatrı, K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev verib.
O bildirib ki, belə səpkiləri olan uşaqlardan analiz götürülərək yoxlanması üçün həm ölkədaxıli, həm də ölkədənkənar referens laboratoriyaya göndərilir. N.Quliyevin sözlərinə görə, yoxlamaların nəticələri təxminən bir həftəyə məlum olacaq: “Şübhə var ki, uşaqlarda aşkarlananlar xəstəliklər yoluxucu xəstəliklərdir. Bununla da bağlı müvafiq araşdırmalar aparılır. Əgər belə hal aşkarlanarsa, ictimaiyyətə məlumat veriləcək”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva da APA-ya açıqlamasında Azərbaycanda da səpkili xəstəliklərin, xüsusilə qızılca xəstəliyinin aşkarlanmasını təsdiqləyib. O bildirib ki, belə xəstəliklər Azərbaycana əsasən gətirilmə yolla keçir. A. Əliyevanın sözlərinə görə, tək-tək hallarda şübhəli müraciətlər olub və həmin xəstələrin müayinəsi Moskvada referens laboratoriyada aparılıb: “Həmin müayinələr zamanı müəyyən olunub ki, onlar Rusiya və Avropa ölkələrində olan xəstəliklərlə eyni genotipdir. Bunlar gətirilmə viruslardır və ölkədə 1-2 nəfər arasında yayılmaya səbəb olub. Bunun nəticəsində də ölkədə tək-tək hallarda səpkili və yoluxucu xəstəliklər qeydə alınır. Görülən tədbirlər nəticəsində onların qarşısı vaxtında alınır. Ölkədə qeydə alınan qızılca xəstəliyinə qarşı qabaqlayıcı tədbirlər görülür, peyvəndləşmə işləri aparılır”.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən isə APA-ya məktəblilər arasında qızılca xəstəliyinin geniş vüsət almadığını bildirilib: “Hazırda şagirdlər arasında qızılcaya yoluxma faktı yoxdur. 2-3 ay öncə bir məktəbdə qızılcaya yoluxma faktı aşkar edilsə də, hazırda bununla bağlı ciddi yayılma qeydə alınmayıb. Bununla bağlı idarəyə də hər hansı bir məlumat verilməyib”.
Qeyd edək ki, son günlər ictimaiyyət arasında uşaqlar və məktəblilər arasında qızılca xəstəliyinin geniş yayılması ilə bağlı məlumatlar yayılıb. Məlumatlarda bildirilir ki, hadisə nəticəsində bir neçə bağçada karantin elan edilib, bəzi məktəblərdə isə qızılcanın yayılması geniş vüsət alıb.