Azərbaycanda bir müddət öncə uşaq televiziyanın yaradılması gündəmə gəlsə də, sonradan bu məsələ gündəmdən çıxdı. Lent.az-ın məlumatına görə, hətta adıçəkilən telekanalın AzTV-nin nəzdində yaradılacağı da bildirilirdi. Məsələ ilə bağlı Milli Teleradio Şurası ilə əlaqə saxladıq. Şuranın aparat rəhbəri Toğrul Məmmədov Lent.az-a bildirib ki, bu məsələ Şurada müzakirə edilib: “Milli Teleradio Şurasında bu məsələ müzakirə edildi. Qərara gəlindi ki, Azərbaycandakı telekanallarda uşaq verilişlərinin sayı artırılmalı və keyfiyyəti yüksəldilməlidir”.
MTRŞ rəsmisinin sözlərinə görə, yaxın gələcəkdə uşaq kanalının yaradılmasına baxıla bilər.
Qeyd edək ki, Uşaq televiziyasının yaradılması prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “İnsan hüquqları sahəsində milli fəaliyyət planı”nda da öz əksini tapıb. Qeyd olunan milli fəaliyyət planında Uşaq Televiziyasının yaradılması imkanlarının araşdırılması məsələsi də öz əksini tapıb. Bununla bağlı Milli Televiziya və Radio Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna tapşırıqlar verilib.