Uşaq mətbuatı – “uşaq-muşaq işi”?...
01 iyun 2010 19:30 (UTC +04:00)

Uşaq mətbuatı – “uşaq-muşaq işi”?...

Böyüklər bacarmayanda məsələyə belə də yanaşırlar

Bu gün uşaqların bayramıdır. Bu bayrama içində, içinin bir küncündə uşaqlığını, məsumluğunu qoruyub saxlayanlar da qoşula bilər. Yaxşı, bu balacalara, eyni zamanda yaşı çox olan “uşaqlara” nə hədiyyə edək? Jurnalistin hədiyyəsi gözəl bir nəşr, internet saytı, televiziya verilişi ola bilər. Bizdə bunlar varmı? Suala cavab üçün kiçik bir araşdırma apardıq.

Ölkədə bu sahədə heç bir iş görülmədiyini iddia etmək doğru deyil. Hazırda “Sevimli”, “Elli”, “Bala dili”, “Göyərçin”, “Günəş” jurnalları, “Savalan” qəzeti və s. kimi nəşrlərlə rastlaşırıq. Hiss olunur ki, həmkarlarımız bu sahədə nələrsə etməyə çalışırlar. Amma bu sahədəki boşluğu görməmək mümkün deyil. Təbii deyənlər tapılacaq ki, ümumi mətbuatın vəziyyəti nədir ki, uşaq mətbuatından da nə gözləyirsən? Lakin unutmamaq lazımdır ki, gələcək mətbuatı yaradanlar da, onları oxuyanlar da bu uşaqların içindədir. Biz onlara nə veririk ki, nə də istəyək?
Uşaq mətbuatı - mətbuatın çox ciddi və önəmli hissəsini təşkil edir. Bu, spesifikliyi ilə səciyyələnir və əsasən pedaqoji yönümlüdür. Uşağın intellektinin artırılmasına, informasiya almaq vərdişlərinin yaranmasına xidmət etməlidir. Bu sahədə çalışan mətbuat nümayəndələrinin qarşısında yalnız oxucuya informasiya vermək vəzifəsi dayanmır, onu cəmiyyətdəki pis meyllərdən, ünsürlərindən qorumaq, tərbiyələndirici funksiyası da dayanır. Unutmayaq ki, uşaqlar təbiəti, dünyanı, insanlara münasibəti, milli dəyərləri, vətən sevgisini, əxlaqı bizlərin vasitəsilə daha yaxşı mənimsəyə bilərlər.
Təəssüf ki, Azərbaycanda uşaq mətbuatına hələ də “uşaq-muşaq işi” kimi yanaşanlar var. Bəlkə də elə ona görədir ki, BDU-nun jurnalistika fakültəsində bu sahədə jurnalistlərin hazırlanması üçün heç bir iş görülməyib. Fakültənin baş müəllimi Zeynal Məmmədli ilə söhbət edəndə məlum oldu ki, universitetdə bakalavr səviyyəsində uşaqlarla işləyəcək jurnalistlərin hazırlanmasında heç bir iş getmir. Kimsə magistr səviyyəsində öz təşəbbüsü ilə nəsə bir şey hazırlaya bilər, lakin bu elə həmin magistrlə də qalacaq, ondan o tərəfə getməsi mümkün görünmür.

Avropada, uzağa getməyək, Türkiyədə, Rusiyada isə vəziyyət tamamilə fərqlidir. Elə ona görə də bu gün həmin ölkələrin nəşrlərinə baxanda ağzımız açıq qalır. Bu gün uşağın əlindən tutub kitab “passajına” gedəndə hətta dili bilməsə də zahiri görünüşünə görə rus kitablarına, jurnallarına üz tutur.

Zeynal müəllim deyir ki, uşaq mətbuatının inkişafına ciddi mane olan amillərdən biri də bazardır. Təbii ki, uşaq mətbuatının oxucuları bir başa gedib bu nəşrləri əldə etmirlər. Bunu onlara ya oxuduqları məktəbin direktoru, ya da ki, valideyni verir. Bu sahədə də xeyli problemlər var. Bir çox məktəblərdə olduq və məlum oldu ki, məktəblər yalnız bir uşaq nəşri alırlar və uşaq istədi istəmədi bunun pulunu ödəyib götürməlidir. Uşağın seçmək imkanı olmur. Direktor tanışlıq, biznes maraqlarına və ya hər hansı bir məsələyə əsasən bircə nəşr seçir və digərlərinin də ora buraxılmasına imkan vermir. Bu isə sərbəst rəqabətin, alternativ nəşrlərin inkişafına mane olur ki, bu isə elə bizim körpələrin inkişafının qarşısındakı bir əngəldir.

Yayım istiqamətində apardığımız araşdırmalar zamanı da məlum oldu ki, çox az sayda uşaq nəşrləri satışa çıxır. Hətta köşklərdə bu nəşrləri tapmaq müşkül məsələdir. Nəşrlərin sahibləri birbaşa məktəblərlə işləməyə o qədər üstünlük verirlər ki, məhsullarını başqa istiqamətdə çox aşağı səviyyədə yayırlar. Elə bu səbəbdəndir ki, məktəblərdə tətil olan müddətlərdə bu nəşrlərin işləri dayanmalı olur.

Bu gün uşaqların kompüterə, internet oyunlarına xüsusi həvəsləri var. Bəs bizim uşaqlar üçün hər hansı professional veb adresimiz varmı? Bu isə artıq çox geniş bir mövzudur. Gələcək yazılarımızda bu məsələyə də aydınlıq gətirməyə çalışacağıq.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar