Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı artırıla bilər. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ölkəmizdə səfərdə olan Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya vurğulayıb. Çetinsaya bildirib ki, bunun üçün hazırda səylər göstərilir: “Hazırda Türkiyə universitetlərində 5 minə yaxın azərbaycanlı tələbə təhsil alır. Türkiyə universitetlərinin birinə azərbaycanlı rektor rəhbərlik edir. Ölkələrimiz arasında əlaqələr genişləndikcə Türkiyədə çalışan azərbaycanlı rektorların sayının artmasını istəyirik”.
Ali Təhsil Şurasının sədri onu da qeyd edib ki, Bakıya səfəri çərçivəsində baş nazir Artur Rəsizadə və ölkənin ali təhsil müəssisələrinin rektorları ilə görüşəcək.
Qeyd edək ki, Çetinsayanın başçılıq etdiyi türkiyəli qonaqlar bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Türk şəhidliyini ziyarət edib və Şəhidlər Xiyabanını ziyarət ediblər.