Türkiyə Su İnstitutunun sədri azərbaycanlı mütəxəssislər razı qalıb
22 yanvar 2013 15:25 (UTC +04:00)

Türkiyə Su İnstitutunun sədri azərbaycanlı mütəxəssislər razı qalıb

“Azərsu”-nun 80 mütəxəssisi İstanbul şəhər Sukanal İdarəsində təşkil olunan təlimlərdə iştirak edib

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində həyata keçirilmiş daha bir layihə yekunlaşıb. “Azərsu” ASC-nin Mətbuat xidməti və  ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, “Azərsu” ASC-nin Türkiyənin “TeknoYapı” şirkəti ilə əməkdaşlığı çərçivəsində İstanbul şəhərində təşkil edilmiş təlim kursları yekunlaşıb, “Azərsu”-nun 80 mütəxəssisi təlimləri uğurla başa vurub.

 

Bu gün “Azərsu”-da təlim iştirakçılarına sertifikatların verilməsi mərasimi keçirilib. “Azərsu” sədri Qorxmaz Hüseynov bu dövlət qurumunda gənc mütəxəssislərin işə qəbuluna, onların fəaliyyətinə xüsusi diqqət yetirildiyini söyləyib. O, ölkədə  həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verib, işlərin keyfiyyətli icrasını təmin etmək məqsədi ilə yeni texnologiyalardan və yüksək ixtisaslı mütəxəssislərin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb. Gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının, iş təcrübəsinin yüksəldilməsi istiqamətində görülən işlər barədə danışan “Azərsu” sədri ötən il 477 əməkdaşın müxtəlif sahələr üzrə təlim-tədris proseslərinə cəlb olunduğunu qeyd edib: “Bu sahədə Türkiyənin “TeknoYapı” şirkəti ilə əməkdaşlıq çərçivəsində 80 əməkdaşımızın İstanbul şəhər Sukanal İdarəsində təşkil olunan təlimlərdə iştirakını xüsusi qeyd etmək istərdim. Hər qrupda 20 nəfər olmaqla 4 qrup üzrə keçirilmiş təlimlərdə kimyaçılar, bioloq, mexanik, inşaatçı, energetik, layihəçi, hidrotexnik, metroloq, hidrogeoloq və ekoloqlar iştirak ediblər. Təlimlər Türkiyənin yüksək ixtisaslı alimləri və mütəxəssisləri tərəfindən keçirilmiş və istehsalat sahələrində olan əməkdaşlarımıza texnoloji proseslərin  incəlikləri əyani şəkildə izah edilib. İstanbul şəhər Sukanal İdarəsi,  Türkiyə Su İnstitutu və “TeknoYapı” şirkəti təlimlərin yüksək səviyyədə təşkilinə böyük dəstək göstərib”.

 

Tədbirdə iştirak edən Türkiyə Su İnstitutunun sədri Ahmet Saatçı təlimlərdə iştirak etmiş azərbaycanlı mütəxəssislərin bilik və təcrübə səviyyəsindən razı qaldığını dilə gətirib. Onun sözlərinə görə, tədris prosesində əldə olunan uğurlar onların peşəkar kadr kimi formalaşmasına müsbət təsir göstərəcək: “Gənc olmalarına baxmayaraq, iştirakçıların təlim prosesində yeni texnologiyalar və qabaqcıl təcrübələrin öyrənilməsinə böyük həvəs və maraq göstərdiklərinin şahidi olduq. Ümid edirəm ki, iştirakçılar təlimlərdə qazandıqları təcrübəni gələcək fəaliyyətlərində uğurla tətbiq edəcəklər”.  

“TeknoYapı” şirkətinin idarə heyətinin üzvü Həsən Sarıkaya təlimlərin yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlardan istifadə olunduğunu bildirib: “Tədris prosesində mütəxəssislərin böyük marağının şahidi olduq. İştirakçılara Türkiyənin su və kanalizasiya  infrastrukturu barədə ətraflı məlumat verdik və onların istehsalat sahələrinə ekskursiyalarını təşkil etdik. Təlimlər müxtəlif sahələr üzrə keçirilsə də biz kadrların hərtərəfli bilgi əldə etməsi üçün su təchizatı və kanalizasiya infrastrukturunun bütün incəlikləri barədə məlumat verdik”.

 

Təlimlərdə iştirak etmiş Fuad Cavadzadə və Ülkər Həsənova tədris prosesində qazandıqları bilik və təcrübənin gələcək fəaliyyətlərində tətbiq edəcəklərini söyləyiblər. Tədbirin sonunda təlimlərdə müvəffəqiyyətlə iştirak etmiş gənc mütəxəssislərə sertifikatlar təqdim olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 560
avatar

Oxşar yazılar