Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) nümayəndələri “Təhsilin inkişafı naminə qiymətləndirmənin təşkili” adlı beynəlxalq təşəbbüs qrupunun işində iştirak edib. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Təlim nəticələrinin qiymətləndirilməsi və təhsilin inkişaf etdirilməsi istiqamətində müzakirələrə beynəlxalq, milli və fərdi səviyyələrdə Azərbaycandan Məleykə Abbaszadə, Natiq Əliyev və Vəli Hüseynov məsləhətçi-mütəxəssis kimi qatılıblar.
Onlar 2014–cü ilin iyun ayında layihənin növbəti mərhələsinin III hesabatının hazırlanması zamanı aparılan müzakirələrdə öz töhfələrini veriblər. Sözügedən hesabatın hazırlanmasında 700 nəfər iştirak edib.
Qeyd edək ki, “Hər kəs üçün təhsil (Education for All) və Minilliyin inkişaf məqsədləri (Millenium Development Goals)” əsas götürərək, YUNESKO-nun Statistika İnstitutu və Brukinqs İnstitutunun Universal Təhsil Mərkəzi tərəfindən irəli sürülmüş əməkdaşlıq çərçivəsində hər bir uşaq və gəncin təhsil almaq imkanı ilə yanaşı, təlim nəticələrinin önə çəkilməsi məqsədilə Təlimin ölçülməsi adlı İşçi Qrupu (Learning Metrics Task Force) yaradılıb.
İşçi qrupunun texniki, təşkilati və siyasi aspektlərdə aparılan tədqiqatı BMT-nin müxtəlif nümayəndəliklərinin, regional təşkilatların, dövlət nümayəndələri, mütəxəssislər və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə həyata keçirilib.