“Hazırda TQDK tərəfindən orta məktəb dərsliklərinin monitorinqi aparılır və monitorinqin nəticələri Təhsil Nazirliyinə təqdim ediləcək. Qərar qəbuledici qurum Təhsil Nazirliyidir. Yəni adıçəkilən nazirlik bu sahədə siyasəti müəyyənləşdirir”.
Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. TQDK sədri qeyd edib ki, bu monitorinqin təsiri ondan ibarət olacaq ki, dərsliklərin hazırlanmasında, müəllif kollektivlərin formalaşmasında şəffaflıq yaranacaq: “Artıq bu prosesə qoşulmaq istəyən hər kəs başa düşəcək ki, onun müəllifi olduğu dərslik müzakirəyə cəlb ediləcək. Xəlvəti proses getməyəcək, bu sahədə şəffaflıq yarandıqda isə korrupsiya faktları olmayacaq. Bir məsələni də qeyd edim ki, əgər ictimaiyyət dərslik müəllifinin elə də güclü mütəxəssis olmadığını deyirsə, bu, seminarlar zamanı açıq-aşkar müəyyən olunur. Onda korrupsiya meylli olan “mütəxəssislər” bu prosesə qoşulmayacaq. Bunun da nəticəsində dərsliklərin keyfiyyəti qalxacaq”.
M.Abbaszadənin sözlərinə görə, təvazökar müəlliflər də var ki, onlar aşkarlanan nöqsanları və verilən təklifləri məmnuniyyətlə qəbul edirlər. “Həm şəffaflıq mədəniyyəti olmayan insanları bu proseslərdən uzaqlaşdırırıq, həm də mütəxəssislər bu prosesdən töhfələr alır. Çünki onlar müəllifi olduqları dərsliklər ilə bağlı mütəxəssislərin fikirləri ilə tanış olurlar”- deyə, TQDK sədri əlavə edib.