Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbulla bağlı məsələyə yenidən münasibət bildirib. Lent.az-ın məlumatına görə, TQDK sədri bildirib ki, bununla bağlı AMEA-dan Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəsmi sənəd təqdim edilməyib: “Amma inanıram ki, AMEA magistraturaya qəbulun aparılması üçün lisenziya alıb”.
M. Abbaszadə vurğulayıb ki, AMEA-nın magistratura pilləsinə qəbulun aparılması üçün 2 yol var: “Ya gərək “Təhsil haqqına” qanunda dəyişiklik edilsin, ya da Təhsil Nazirliyi tərəfindən elmi-tədqiqat institutuna lisenziya verilməlidir ki, o, tədris apara bilər. Bu məsələdə ikinci yol seçilib və bu da hüquqi müstəvidə olan məsələdir. Mən demirəm ki, AMEA-da magistratura olmayacaq. Hüquqi müstəvidə lisenziya alınıbsa, bu işlər həyata keçiriləcək. Həmin şəxslər fevralın 22-də TQDK-nın keçirdiyi magistraturaya qəbul imtahanının I mərhələsində iştirak edə biləcəklər. I mərhələdə magistraturaya qəbul olmaq istəyən hər kəs bu mərhələdən keçməlidir. Seçim ikinci mərhələdə aparacaq. AMEA ilə magistraturaya qəbul imtahanının ikinci mərhələsinin hansı formada keçirilməsi ilə bağlı müəyyən məsləhətləşmələr aparılır. II mərhələyə seçimdə müəyyən yeniliklər olacaq”.