“Ölkəmizdə təhsilin səviyyəsi ilə bağlı fikirlərimi həmişə açıq şəkildə, elmi əsaslarla söyləmişəm. İnsanın öz fikirlərini söyləməsində və elmi əsaslarla sübut etməsində bir qəbahət yoxdur”.
Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. TQDK sədrinin sözlərinə görə, rəhbərlik etdiyi qurum ölkədə təhsil sahəsində problemləri elmi müstəvidə müzakirə etməyə həmişə hazırdır.
“Məsələ bundadır ki, tək TQDK tərəfindən aparılan araşdırmalar yox, beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmalar da təhsil sistemindəki reytinqi müəyyənləşdirir. Bilmirəm, siz bir vətəndaş kimi razısınızmı ki, bizim ölkəmiz bu təhsil reytinqlərində aşağı pillədə olsun. Şəxsən bir vətəndaş və məmur kimi bununla razılaşmıram. Ona görə də hesab edirəm ki, özümüz apardığımız araşdırmalar nəticəsində faktiki olaraq, müəyyən problemləri həll etməyə qadirik. Bu problemləri həll etmək lazımdır. Ötən ilin qəbul və buraxılış imtahanlarının nəticələri ilə bağlı kifayət qədər təkliflər vermişik. Hesab edirəm ki, bu təkliflər diqqətlə oxunsa və tətbiq olunsa, orta məktəbdə olan təhsil sisteminə töhfə olar”-deyə, M. Abbazadə əlavə edib.