Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərin I sinif dərsliklərinin monitorinqləri ilə bağlı Təhsil Nazirliyinə 179 səhifəlik rəy göndərib. Lent.az-ın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, rəydə I sinif dərsliklərində aşkar olunan bütün səhvlər öz əksini tapıb: “Yaxın günlərdə bu nəticələr internetdə də yayımlanacaq. Müəllimlər bu səhvlərlə tanış olmalıdır. Təbii ki, dərsliklərdəki bütün səhvləri dərhal düzəltmək mümkün olmayacaq. Müəlliflər elə bilirdilər ki, onların dərsliklərdə yol verdikləri səhvləri görən olmayacaq. Bundan sonra müəllimlər və elmi redaktorlar dərsliklərin yazılmasına daha məsuliyyətlə yanaşacaqlar. Çünki artıq prosesə ictimai nəzarət var”.
TQDK sədri həmçinin deyib ki, gələn il yeni test bankının bir hissəsinin çap olunacağı gözlənilir: “2001-ci ildə buraxılan test bankı öz aktuallığını itirib. Biz 20 il ərzində bütün imtahanlarında istifadə olunan test variantlarını toplu şəklində çap etmişik. Yeni test bankının bir hissəsini ola bilsin ki, gələn il çap etdik. Lakin test banklarını çap etdirən kimi müəllimlər onları şagirdlərə əzbərlətdirirlər. Bu, düzgün yol deyil. Ona görə də biz bu bankı çap etməyə tələsmirik”.