“Ölkəmizdə orta məktəb məzunlarına orta məktəbdə yazılan qiymətlərlə onların buraxılış və qəbul imtahanlarında topladıqları qiymətlər arasında uyğunsuzluq var". Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Əlaçılar arasında imtahanda aşağı nəticə göstərənlərin olmamasını vacib sayan TQDK sədrinin sözlərinə görə, buraxılış imtahanları zamanı çox acınacaqlı vəziyyət ortaya çıxıb: “Çox acınacaqlı haldır ki, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olundu. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib çatması bizim üçün müəmmalı olaraq qalır. Bu cür şagirdlərin böyük əksəriyyəti cənub zonasındadır.
TQDK sədri ötən il buraxılış imtahanları zamanı 11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin aşkarlandığı rayon və şəhərlərin də siyahısını açıqlayıb. M. Abbaszadə vurğulayıb ki, belə şagirdlərin sayı Cəlilabadda 4 nəfər, Bakı şəhəri, Füzuli, İmişli və Salyan rayonlarının hərəsində 1 nəfərdir. Cəlilabadda 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı 34, Masallıda 18, Sabirabadda 15, Tovuzda 8, Şəmkirdə 6, Biləsuvar, Lerik və Tərtər rayonlarının hərəsində 4 nəfər, Astara, Beyləqan, Goranboy və İmişli rayonlarının hərəsində 3 nəfər, Ağdaş, Saatlı və Salyan rayonlarının hərəsində 2 nəfər, Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Füzuli, Hacıqabul, Lənkəran, Qazax, Qəbələ, Siyəzən və Ucar rayonlarının hərəsində 1 nəfər olub.
M. Abbaszadə onu da qeyd edib ki, TQDK ali məktəblərə qəbul imtahanlarında 150-200 bal toplayan abituriyentlərin də akademik göstəriciləri, onların ali məktəblərdə oxuya bilib-bilməməsi ilə maraqlanacaq.