Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistr olmaq istəyənlərə müraciət edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, gələn həftədən etibarən ali məktəblərdən magistraturaya ərizə qəbulu başlayır. Hər bir bakalavr TQDK-nın müvafiq internet səviyyəsinə daxil olaraq şəxsiyyət vəsiqəsinin və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrəsini istifadə etməklə oradakı “Bakalavrın elektron ərizəsi” formasını doldurur. Bakalavrlar “bakalavrın elektron ərizəsi” formasını 2013-cü ilin fevralın 11-dən 21-dək olan müddətdə doldurur və ərizəsini 2013-cü ilin fevralın 12-dən 22-dək müddətdə təsdiq edirlər.
TQDK-dan verilən məlumatda o da qeyd olunur ki, cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirirlər. Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları “Bakalavrın elektron ərizəsi” formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində, xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.
Qeyd edək ki, magistraturaya qəbulun birinci mərhələsinin imtahanı martın 3-də keçiriləcək.